Görkəmli yazıçı və alim, professor Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi Qırğızıstanın paytaxtı Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Azərbaycanda fəaliyyət göstərən “Avromed” şirkətinin dəstəyi ilə qırğız dilində nəfis şəkildə nəşr edilib.
   
   Üçcildliyi qırğız dilinə Qırğızıstan Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev, ittifaqın katibi Seyit Altımışov, yazıçı Mukan Asanaliyev çevirib.
   Bişkekdəki “Biyiktik” nəşriyyatında nəfiş şəkildə nəşr olunmuş üçcildliyin baş redaktoru Qırğızıstan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev, redaktorları Qırğızıstanın Xalq şairi Sooronbay Cusuyev, Qırğızıstanın Xalq yazıçısı Tölöqön Qasımbekov və Beynəlxalq Aytmatov Akademiyasının akademiki, Xalq yazıçısı Cumadin Kadırovdur.
   Üçcildliyin tərtibatçıları Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil Hacıyevdir. Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur. Üçcildliyə ön sözü professor Aqil Hacıyev yazıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş üçcildlik Qırğızıstanın kitabxanalarına, elm və təhsil ocaqlarına pulsuz veriləcək. Bu yaxınlarda nəşrin Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.
   Qırğızıstan Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev yeni nəşrin Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrində müstəsna rol oynayacağına əminliyini bildirib. O qeyd edib ki, bu nəşr Sovet İttifaqı dağılandan sonra Qırğızıstan və Azərbaycan ədəbi əlaqələrində ilk böyük hadisədir.
   Qeyd edək ki, Qırğızıstanda Mir Cəlalın yaradıcılığına böyük maraq var. Qırğızıstan Milli Kitabxanasında Mir Cəlal adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.
   Xatırladaq ki, indiyədək Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bişkekdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi”, “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” əsərləri, Mir Cəlal Paşayevin qırğız dilində “Bir gəncin manifesti” povesti, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə rus və ingilis dillərində hazırlanmış “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar”, professor Aqil Hacıyevin “XIX əsrin ikinci yarısında rus ədəbiyyatında Azərbaycan mövzusu”, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və digər əsərlər nəşr olunub.