Oktyabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Eldar Mikayılzadənin “Nəsimi” xalçası haqqında məruzəsi dinlənildi.
Tədbirdə rəssam xalça haqqında ətraflı məlumat verdi. Ondan əvvəl də “Nəsimi” xalçasının yaradıldığını bildirdi. Qeyd etdi ki, görkəmli sənətkar Mikayıl Abdullayevin çəkdiyi Nəsimi portreti əsasında xalça toxunmuşdu: “Ancaq o dövrün tələbləri tamam fərqli idi. Həmin xalça hazırlanarkən Nəsiminin geyimində, əmmaməsində bəzi yanlışlıqlar var idi. Biz də çalışdıq ki, həmin səhvləri aradan qaldıraq”.
Rəssamın emalatxanasında çalışan Zümrüd Hüseynzadə xalçanın toxunması zamanı ortaya çıxan çətinliklərdən danışdı. Qeyd etdi ki, Eldar Mikayılzadə bu əsərə çox diqqətlə yanaşıb və toxunma prosesinə uzun zaman sərf edilib: “Eldar Mikayılzadə rənglərə xüsusi diqqət yetirirdi, əlimizdə minə yaxın sap növünün olmasına baxmayaraq, istədiyimiz rəngi ala bilmirdik. Buna görə də toxuduğumuz hissələri söküb bir də toxuyurduq. Ancaq nəticədə xalçanı gözlənilən səviyyədə hazırlaya bildik”.
Qeyd edək ki, bu xalça İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş eskiz əsasında sərgi üçün məxsusi toxunub. Xalçanın toxunduğu əsas eskizdən başqa, rəssam daha bir neçə eskiz də işləyib. Onlardan biri – şairin profildən əksi olan eskiz Nəsiminin yubiley medalının dizaynında istifadə edilib. Xalçanın aşağı hissəsində şairin adı əks olunub. Bu tip ornament üçün ənənəvi olan bir-birinə dolaşan budaqlar Xeyir və Şərin mübarizəsini simvolizə edir. Fonun mərkəzindəki təsvirlər əsas obraz qədər dərindən düşünülüb. Şairin çiyinləri əsasında iki şəhərin: sağ çiyninin arxasında - onun doğulduğu Şamaxının, sol çiyninin arxasında isə ömür yolunun sonu olmuş Hələb şəhərinin mənzərəsi görünür. Yuxarı hissədə - şairin başının üstündə ərəb hərflərinin cizgilərini sezdiyimiz topa-topa buludlar təsvir olunub.
Məlum olduğu kimi, ərəb hərfləri həm də rəqəm mənası daşıyır. Kompozisiyaya həm Nəsiminin yaradıcılığında, həm də mənsub olduğu sufizmin hürufilik cərəyanının xüsusi məna kəsb etdiyi rəqəmlər daxildir. Kompozisiyanın ən yuxarısında səmada günəş təsvir olunub. Bu, Nəsiminin əzab dolu edamı zamanı dediyi sözlərə illüziyadır.
Qeyd edək ki, “Nəsimi” xovlu xalçadır. İpək və yundan istifadə olunan xalçanın toxucuları Dürdanə Babayeva, Şəfiqə Namazova və Solmaz Namazovadır.
Nurəddin MƏMMƏDLİ