Leonardo da Vinçinin (1452-1519) Luvr muzeyinin təmiri ilə bağlı başqa zala köçürülmüş dünyaca məşhur “Mona Liza” (“Cokonda”) tablosu əvvəlki yerinə qaytarılıb.
İki ay əvvəl muzey rəhbərliyinin göstərişi ilə bu şedevr Luvrun Rişelye hissəsində yerləşən Mediçi qalereyasına köçürülmüşdü. Restavrasiya işləri zamanı rəsm əsərini qoruyan şüşə panel daha şəffaf və gülləkeçirməz materialla əvəz olunub. Bundan başqa, divarlar göy rəngdə boyanıb və muzeyin eksperti Vensan Delvanın sözlərinə görə, bunun sayəsində “tablonun rəngləri daha bariz görünür”. Restavrasiya layihəsində turistlərin zallar üzrə hərəkətinin asanlaşdırılması da nəzərə alınıb və indi muzeyin ziyarətçiləri özlərini daha rahat hiss edirlər.
“Mona Liza”nın əsrin əvvəlindən bəri yerləşdiyi Dövlətlər zalı 15 il müddətində təmir olunmayıb. Muzey direktorluğunun məlumatına görə, bu vaxt ərzində burada 100 milyondan çox ziyarətçi olub. 2014-cü ildən başlayaraq Luvrda hissə-hissə təmir işləri aparılır və artıq 34 min kvadratmetrlik sahədə işlər başa çatıb.