Türkdilli ölkələrlə, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-la münasibətlərə xüsusi önəm verən Macarıstan bu əməkdaşlığı genişləndirmək niyyətindədir.
Oktyabrın 9-da Budapeştdə Macarıstan İnsan Resursları Nazirliyinin dövlət katibi Zoltan Lyorintsi və TÜRKSOY-un baş katibi Düsen Kaseinov mədəniyyət sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Sənəd Macarıstanın TÜRKSOY-da müşahidəçi statusu aldığı gündən qurulmuş münasibətlərin hüquqi əsasını təmin edəcək. Macarıstan ötən il təşkilatda müşahidəçi statusu alıb.
Memorandum Macarıstan ilə TÜRKSOY-un üzvü olan dövlətlər arasında musiqi, teatr, rəqs sənəti, təsviri sənət, ədəbiyyat, kitab çapı, audiovizual sənət, kitabxanaçılıq və muzey işi sahələrində əməkdaşlığı təşviq edir.
Düsen Kaseinov imzalanma mərasimində deyib: “Macar xalqı ilə ümumi cəhətlərimiz çoxdur. Məsələn, bizim ənənələrimizin qorunub saxlanılmasının vacibliyinə dair baxışlarımız tamamilə üst-üstə düşür. Macarıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) ofisinin açılması və TÜRKSOY ilə Macarıstan arasında əməkdaşlığın səviyyəsi ölkələrimizin inteqrasiyasının yeni erasından, habelə ümumi dəyərlərin olmasından xəbər verir. TÜRKSOY ilə Macarıstan arasında memorandum bütün türk dünyası üçün çox faydalı olacaq və bu da Avropada türk dünyasının səsinin möhkəmlənməsinə müsbət təsir göstərəcək”.
Mərasimdə Azərbaycan, Türkiyə və Qazaxıstanın Macarıstandakı səfirliklərinin əməkdaşları iştirak ediblər.