Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan II Beynəlxalq Vokalistlər Müsabiqəsi keçiriləcək.
5-8 dekabr tarixində gerçəkləşəcək müsabiqədə 15 vokalçı iştirak edəcək.
Bu barədə layihə ilə bağlı mətbuat konfransında məlumat verilib.
Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Beynəlxalq müsabiqə Azərbaycanın, Bolqarıstanın və Macarıstanın Ukraynadakı səfirliklərinin dəstəyi ilə keçiriləcək.
Truskavets şəhərinin meri Andrey Kulçinski deyib ki, M.Maqomayev təkcə Azərbaycanın deyil, bütün dünyanın sevdiyi sənətkardır. Mer qeyd edib ki, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə uğurlu layihələr həyata keçirilir.
Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Təbriz Qarayev bildirib ki, səfirlik hər zaman mədəni layihələrə dəstək göstərib. Səfirliyin təşkilatçılığı ilə Kiyevdə Müslüm Maqomayev adına park açılıb və orada sənətkarın heykəli qoyulub. Bundan başqa, Dnepr şəhərinin küçələrindən birinə M.Maqomayevin adı verilib.
Qeyd edək ki, beynəlxalq müsabiqənin keçirilməsinə Ukraynanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Ukraynadakı səfirliyi, Truskavets meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi və digər təşkilatlar dəstək verir.