Azərbaycan milli pavilyonu “Pekin Ekspo 2019” sərgisində mükafata layiq görülüb

Çinin paytaxtı Pekində aprelin 29-dan davam edən “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda beynəlxalq botanika sərgisi – “Pekin Ekspo 2019” oktyabrın 9-da başa çatıb. Ötən müddətdə sərginin 9 milyondan çox ziyarətçisi olub. Dünyada indiyədək keçirilmiş ən böyük botanika sərgisində ümumilikdə 110 dövlət və beynəlxalq təşkilat təmsil olunub.

Azərbaycan Pekin beynəlxalq botanika sərgisinin fəal iştirakçısı olub. Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanmış “Azərbaycan: təbiət və incəsənətin harmoniyası” adlı milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirib. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edib.

Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirib. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılıb, ətraf mühitin qorunmasının vacibliyi vurğulanıb. Sərgi ziyarətçiləri Azərbaycan pavilyonunda milli musiqi alətlərimizlə tanış olub, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizə baxmaq imkanı əldə ediblər. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunub. Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunub.

Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə “Pekin Ekspo 2019” sərgisində “Xüsusi mükafat”a (ikinci yer) layiq görülüb.

Azərbaycanla yanaşı, bu mükafata Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Sinqapur və Niderland da layiq görülüb.

Birinci yer üzrə mükafatı isə Qətər, Böyük Britaniya, Almaniya və Yaponiya qazanıb.

Oktyabrın 9-da sərginin rəsmi bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbov mərasimdən əvvəl ölkəmizin pavilyonunu ziyarət edib, sərginin fəxri qonaqlar kitabına təbriklərini yazıb.

Qeyd edək ki, “Pekin Ekspo 2019” sərgisinin davam etdiyi beş aydan artıq müddətdə ümumilikdə 3 mindən çox tədbir – ölkələrin milli günləri, forumlar, təqdimatlar, mədəni proqramlar, festivallar, konsertlər keçirilib. Sərginin keçirildiyi 503 hektar ərazinin bundan sonra ekoloji park kimi istifadə olunmasına qərar verilib.