Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi üzərinə götürdü
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirilib. Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.
Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edib. Ölkəsinin Türk Şurasına sədrliyinin başa çatdığını deyən S.Jeenbekov bu dövrdə Özbəkistanın təşkilata tamhüquqlu üzv olduğunu, Macarıstana müşahidəçi statusu verildiyini diqqətə çatdırıb. Qırğızıstanın Oş şəhərinin 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu da vurğulayan dövlət başçısı bu müddətdə ölkələr arasında çoxşaxəli əlaqələrin inkişaf etdiyini deyib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini deyən S.Jeenbekov əmin olduğunu bildirib ki, Azərbaycanın Türk Şurasına sədrliyi dövründə iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlıqda irəliləyişə nail olacağıq.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib. Dövlət başçısı vurğulayıb ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident qeyd edib ki, Türk Şurasının VII Zirvə görüşü bu formatın əsasını qoyan
Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir: “2009-cu ilin oktyabrında Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdirdik. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir”.
Prezident qeyd edib ki, ötən 10 il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib: “Türk Şurası ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Türk Şurasının beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.
2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini deyən dövlət başçısı TÜRKSOY-un da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Türkdilli Ölkələrin Parlament Assambleyası da uğurla fəaliyyət göstərir: “Biz bir neçə parlamentlərarası təşkilatla sıx əməkdaşlıq edirik. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə kömək edir”.
Prezident qeyd edib ki, Türk Şurasının zirvə görüşləri ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Kiçik və orta sahibkarlığa həsr olunan budəfəki görüşün mövzusu da aktuallıq kəsb edir.
Dövlət başçısı bildirib ki, 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edib. Son 16 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb.
Dövlət başçısı nəzərə çatdırıb ki, qədim İpək Yolu üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin fəal iştirakçılarından biridir. 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına müştərək töhfəmizdir. Beynəlxalq Bakı Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Azərbaycan etibarlı tranzit ölkə olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Biz enerji sahəsində əməkdaşlığa da böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir.
Prezident İlham Əliyev bildirib ki, ölkələrimizə xaricdən turist cəlb edilməsi və ölkələr arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. 2019-cu ilin ilk 9 ayında Azərbaycana 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min olub.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Azərbaycanın təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.
Azərbaycan Prezidenti ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova minnətdarlıq edib.
Dövlət başçısı həmçinin Özbəkistanı Türk Şurasına üzv olması münasibətilə təbrik edib, Prezident Şavkat Mirziyoyevə müdrik qərarına görə təşəkkürünü çatdırıb: “Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək”.
Prezident İlham Əliyev qeyd edib ki, Macarıstanın da Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur: “Burada Macarıstan Baş Naziri Viktor Orbanın şəxsən rolunu qeyd etmək istərdim. Macarıstanda Türk Şurasının nümayəndəliyi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək”.
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri statusunda Zirvə görüşündə iştirak etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev qazax liderinin türk dünyasında əlaqələrin inkişafında, Türk Şurasının yaradılmasında böyük xidmətləri olduğunu deyib. Qeyd olunub ki, Türk Şurasına üzv ölkələrin rəhbərlərinin birgə qərarı ilə Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı verilib.
Sonra dövlət başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.
Zirvə görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış ediblər. Türkiyə Prezidenti çıxışında Türk Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının vahid şəkildə hərəkət etmələrinin vacibliyini vurğulayıb.
Sonra növbəti Zirvə görüşünün Türkiyədə keçirilməsi qərara alınıb.
Daha sonra sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünə yekun vurub.