Oktyabrın 14-də Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstan Xarici İşlər nazirlərinin, Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un və Türk Akademiyasının rəhbərlərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub.

Qonaqlar binada yaradılan şəraitlə tanış olub, türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə dair sərgiyə baxıblar.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, türk dünyasının zəngin mədəniyyəti, qədim tarixi, milli-mənəvi dəyərləri ilə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib. Fondun prezidenti türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq miqyasda təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O əlavə edib ki, yeni istifadəyə verilmiş binada bütün türk xalqlarının mədəniyyəti, tarixi, zəngin irsi ilə bağlı tədbirlər keçiriləcək.

Qeyd edək ki, türkdilli xalqların maddi-mənəvi irsinin qorunması, tədqiqi və təbliği işini həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması ilə bağlı qərar 2009-cu il oktyabrın 3-də türkdilli ölkələrin başçılarının Naxçıvan şəhərində keçirilmiş zirvə görüşündə qəbul edilib. Həmin qərar 2010-cu il sentyabrın 16-da dövlət başçılarının İstanbul sammitində dəstəklənib.

Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Bişkek şəhərində Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan hökumət başçıları tərəfindən qəbul edilib.