Beynəlxalq Muğam Mərkəzində Rusiya və Azərbaycan Mədəniyyət nazirliklərinin birgə təşəbbüsü ilə reallaşan “Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu” mövzusunda platforma çərçivəsində dağıstanlı ustaların əl işlərindən ibarət sərgi və milli tikmə sənəti üzrə ustad dərsləri də keçirildi.
Ustad dərslərindən sonra Rusiyadan gəlmiş folklor kollektivlərinin ifasında konsert proqramı təqdim edildi.
Konsertdə Başqırdıstanın Fayzi Qaskarov adına Dövlət Akademik Milli Rəqs Ansamblı, Komi Respublikasının “Qızıl əllər” ansamblı, Tambov vilayətinin “Domino” rəqs qrupu və Kemerovo şəhərindən Çıltıs Tannaqaşevanın xor kollektivi çıxış etdi.
Kollektivlər dünya şöhrətli Azərbaycan müğənniləri – SSRİ xalq artistləri Rəşid Behbudov və Müslüm Maqomayevin repertuarından əsərləri də səsləndirdilər. Bir-birindən maraqlı və rəngarəng ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Müxtəlif xalqların bir səhnədə təqdim etdiyi konsert proqramı bir daha sübut edirdi ki, multikultural dəyərlər dostluğa, qardaşlığa xidmət edir.
Konsertin sonunda ifaçılar səmimi qarşılanmaya görə Azərbaycan tamaşaçılarına minnətdarlıqlarını bildirdilər.
LALƏ