İnsanın xarakteri həyatını müəyyənləşdirir deyirlər. Xarakter isə istək və məqsədin cəmidir. Arzu, niyyət gözəlliklərə ünvanlanarsa, xeyirxahlıq, ülviyyət kimi meyarlara əsaslanarsa, əmsalı da nümunəvi yaradıcılıq olar. Sevgi ilə məharət bir araya gələndə isə əsl sənət inciləri yaranar.

Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadə də  kinoya olan vurğunluğunu hələ kiçik yaşlarından könlünün dərin qatlarında ilahiləşdirən, sonralar isə maraqlı, mənalı həyat gerçəkliklərini yaradıcılığına yansıdan sənətkarlarımızdandır.

Sənət haqqında gözəl deyimlərdən biri də budur ki, “Sənət əsəri sənətkarın yaradıcı təxəyyülünü hər dəfə yenidən canlandırmaqla zamanlar arasında rabitə yaradır”. Hüseyn Seyidzadənin quruluş verdiyi müxtəlif janrlı filmləri də fərqli zaman və nəsillər arasında ünsiyyət qurur, ictimai əlaqələri müəyyənləşdirir, müxtəlif dövr hadisələrini cəmiyyətin müzakirə obyektinə çevirir, pisi yaxşıdan seçməyimizə, nəticə çıxarmağımıza imkan verir.     

 

Sənət fədaisi

 

Çox vaxt kino rejissorlarını sənət fədaisi adlandırırlar. Təbii ki, bu fikri filmlərin uğurlu ekran taleyi müəyyənləşdirir. Hüseyn Seyidzadənin forma və məzmun etibarilə fərqli olan filmlərində də ustad sənətkarın yalnız öz müasirləri haqqında yox, həmçinin gələcək nəsillərin intellekti, həyat bilgisi, akademik təlimatı üçün narahat olduğu bəlli olur. Onun çəkdiyi filmlərin məzmununa fikir verdikdə bu kimi mövzulara xüsusi diqqət göstərdiyi nəzərə çarpır. İstər dramatik, istərsə də komik janrda çəkdiyi filmlərdə xoş diləkli, nəcib insan xüsusiyyətlərini qabardan rejissor, demək olar ki, bütün yaradıcılığı boyu insanşünaslıqla məşğul olub, müdrik düşüncələrini ekran əsərlərində təcəssüm etdirib. Müxtəlif mənbələrdən, həmkarlarının və dostlarının söylədiklərindən də məlum olduğu kimi, sənət yolunda tez-tez ziddiyyətlərlə qarşılaşan rejissor heç vaxt məqsədindən yayınmayıb, ömrünün sonuna qədər Seyidzadə dəst-xəttini xarakterizə edən məsləyini yüksək peşəkarlıqla nümayiş etdirib.

Bədii kinoda “Bakılılar” filmində ikinci rejissor kimi işləyən rejissorun yaradıcılıq qismətinə ilk olaraq tarixi-inqilabi janrlı filmin düşməsi xarakter etibarilə coşqun, iddialı olan H.Seyidzadə üçün bəlkə də təsadüfi deyildi. Axı, məslək də alın yazısıdır. Bu filmdə çalışması rejissorun sonralar ciddi, realist, dramatik janrlı ekran əsərləri çəkməsinə stimul verir. Dram janrlı (Niyazi Bədəlovla birgə) “Sovqat” qısametrajlı bədii filminin ardınca yaradıcılığını püxtələşdirməyi qərarlaşdıran kino mütəxəssisi bir müddət “Lenfilm”, “Mosfilm”, M.Qorki adına kinostudiyalarda çalışır. Həmin studiyalarda bir neçə filmdə rejissor assistenti, ikinci rejissor kimi işləyir. 1945-ci ildə Bakıda “Əbədi Odlar ölkəsi” tammetrajlı sənədli filmini müstəqil olaraq ekranlaşdırır, 1954-cü ildə Azərbaycanın ilk rəngli sənədli-bədii filmi olan “Doğma xalqımıza” filmini (rejissor Yan Fridlə birgə) çəkir.  1956-cı ildə Azərbaycanın ilk rəngli bədii ekran əsərini – “O olmasın, bu olsun” filmini ekranlaşdırmaq da H.Seyidzadənin qismətinə düşür. Təbii ki, sıralanan yaradıcılıq uğurları onu ruhlandırır, yeni yaradıcılıq axtarışlarına sövq edir. Qərəzli münasibətlərə, yersiz tənqidlərə tuş gələn rejissorun kino fəaliyyətində fasilələr olsa da, çəkdiyi hər bir filmini sonuncu filmi kimi böyük sevgi və coşqu ilə ərsəyə gətirirdi.

 

Uğurlu yanaşma

 

XX əsrin ikinci yarısından etibarən Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olan azərbaycanlı tələbələrin bir çoxu (T.Tağızadə, L.Səfərov və s.) zərurətdən irəli gələn səbəblərdən yaradıcılıqlarını komik janrlı filmlərlə təsdiqlədilər. Müharibədən sonrakı quruculuq illərində insanlarda ruh yüksəkliyi yaratmaq məqsədilə komik və sosial janrlı filmlərə müraciət edən kinematoqrafçılar çalışırdılar ki, ictimai qaydaları nizamlayan vacib nüansları diqqətə çatdırsınlar, zəhmət adamlarının şücaətini ön plana çəksinlər, həmçinin cəmiyyətdəki qeyri-normal cəhətli tipajları incə yumorla tənqid hədəfinə çevirsinlər. Bədii kinoda yaradıcılığını təsdiqləməyə şans əldə edən H.Seyidzadə üçün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli yaradıcılığına müraciət edərək “O olmasın, bu olsun” kinokomediyasını çəkmək, məntiq və məzmunlu hadisələri ekran dilinə çevirmək karyerasını ətraflı şəkildə təsdiqləmək, arzularını gerçəkləşdirmək demək idi. Məsləyini həyatının mənası bilən rejissor buna görə də təxəyyül zənginliyindən, peşə biliciliyindən istifadə edərək müraciət etdiyi mövzulara ehtiyatla yanaşır, uğurlu mizanlar verir, milli, mənəvi dəyərləri əks etdirən ədəbi materialları vizual ədəbiyyata, xalqın mədəni, mənəvi sərvətinə çevirirdi.  

“Dağın əzəməti uzaqlaşdıqca görünər”, - deyirlər. 60 ildən çoxdur ki, “O olmasın, bu olsun” filmindəki frazaların gərəkliliyi, kadrların həyati və məntiqliliyi haqqında danışılır, yazılır. Azərbaycan kinosunun inciləri sayılan filmləri ilə milli kinomuzu ölkədən uzaqlarda tanıdan ustad sənətkarın əsas uğuru dəqiq və həssaslıqla seçdiyi peşəkarların yaradıcılıqlarının təfsirində hadisələrin mahiyyətini çatdırması, incə yumor hissi ilə mənəvi intibah prosesinin labüdlüyünü göstərməsində idi. 

Kino sənətinin texniki həllinə yaxşı bələd olan rejissor komik janrlı filmin kompozisiyasını sərbəst və iddialı şəkildə qurur, müəllif ideyalarını qəhrəmanların dili ilə ifadə edir.

Ekranlara çıxdıqdan sonra sənətşünaslar tərəfindən birmənalı qarşılanmayan film çoxsaylı tamaşaçıların rəğbətinə səbəb olur. Buna səbəb isə məzmuna uyğunlaşan məntiqli və keyfiyyətli kadrların ardıcıllığı, hər bir frazanın peşəkar yanaşmada təqdim olunmasıdır. Peşəkar aktyorların rolun mövqeyini həssaslıqla təhlil etməsi, dövrün əhval-ruhiyyəsini dəqiqliklə çatdırması musiqili komediyadakı sözsüz kadrların daxili dinamikasını təmin edir, musiqi və melodiyalar obrazların keçirdiyi hiss və həyəcanları, düşdükləri vəziyyəti dəqiqliklə qavramağımıza, doğru nəticə çıxarmağımıza səbəb yaradır. Obrazların təfsirində mövhumat və avamlığı ciddiyyəti ilə təqdim və tənqid edən kadrlar mənalı gülüş yaradır, ciddi komediya həyat və yaşam üçün vacib olan etik qaydaların labüdlüyünü vurğulayır. Filmin uğurlu səhnələrindən olan kisəçilərin rəqsi, qonaqlıqda baş verən qalmaqal və s. kimi kadrlar birmənalı qarşılanmasa da, filmin uğurunu təsdiqləyən faktların çoxluğu (filmin 50-dən artıq xarici ölkəyə satılması, Daşkənddə Asiya və Afrika ölkələrinin kinofestivalında yüksək qiymətləndirilməsi və s.) rejissorun bacarığını növbəti ekran əsərlərində təsdiqləməsinə stimul verir.

Hüseyn Seyidzadənin nailiyyəti fərdi yaradıcılıq üslubunu dəqiqliklə müəyyənləşdirməsində idi. Yuxarıda adları çəkilən kinostudiyalarda təcrübə keçməsi, kino dahilərindən olan Sergey Eyzenşteyndən, Mixail Rommdan sənət sirlərini öyrənməsi onun yaradıcılıq yolunu dəqiqliklə müəyyənləşdirir, həyat haqqındakı fərqli və fərdi düşüncələrini faydalı nəticəyə, kino fəaliyyətini bədii təxəyyülünün vacib (mənəvi ehtiyac duyulan) və uğurlu məhsuluna çevirir.

Tarixi-inqilabi, tarixi-bioqrafik, sosial mövzulu filmlərin müəllifi olan, əsasən realist yaradıcılıq nümayiş etdirən Hüseyn Seyidzadə üçün vacib prinsip bədii əsərin ideya məzmunun ekran dilində tamaşaçıya çatdırılması, ibrətamiz xarakterlərin təcəssümündə cəmiyyət üçün yararlı surətlər yaratması, insan şüuruna (yaxşı mənada) təsir edərək yüksək mənəviyyatlı, təmiz vicdanlı obrazları təbliğ etməsi idi. Bu mənada filmlərdəki personajların ifaçılıq xüsusiyyətləri (məharətləri) fonunda ideya-bədii prinsipləri diqqət çəkir, ibrətamiz ideyalar təbliğ olunur, müxtəlif dövr hadisələri ilə müasir ictimai həyat arasında bağ yaranır, nəticədə isə uzaqgörən sənətkar müdrikliyi alqışlanır.

Təəssüflər olsun ki, bəzən yaradıcılığı qınaq obyektinə çevrilən rejissorun ömür payının müəyyən hissəsi, demək olar ki, ona və çəkdiyi filmlərə qarşı yönələn təzyiqlərə qarşı mübarizə aparmasına sərf olunub. Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin kinorejissor haqqında məqaləsində Hüseyn Seyidzadənin  bu sözlərini oxuyuruq: “Ən çox ona heyfsilənirəm ki, bildiklərimi, təcrübəmi Azərbaycan kinosunun inkişafına tam sərf edə bilmirəm. Daha doğrusu, buna imkan vermirlər...”.

Bu gün də rejissorun filmlərini sevə-sevə izləyən kinosevərlər Hüseyn Seyidzadə fenomeninin Azərbaycan kinosu üçün bir töhfə, tapıntı olduğunu yaxşı bilir, böyük istedad sahibinin yaradıcılığının  zənginləşməsinə maneələr yaradılmasına təəssüf hissi keçirir.

“Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” kimi dramatik filmlərə quruluş verən,   “O olmasın, bu olsun”, “Qayınana” kimi kinokomediyalar və bir sıra sənədli filmlər ekranlaşdıran Hüseyn Seyidzadə kino fəaliyyətini müxtəlif janrlı filmlərlə əhatələməklə, çəkdiyi ekran əsərlərində məntiq və dərin məzmuna önəm verməklə sənət sevgisini, sənətkar böyüklüyünü təsdiqləmiş oldu.

Hüseyn Seyidzadə üçün yaradıcılıqda vacib şərt hər hansı bir ədəbi materialın ekran təcəssümünü mükəmməl tapması, fəaliyyətində vətəndaşlıq mövqeyindən çıxış etməsi, çəkdiyi filmlərin Azərbaycan kinosuna uğur gətirməsi idi. Sevdiyi məsləyinə, ali məqsədinə ömrünün sonunadək sadiq qalan sənətkarın yuxusuz gecələri, gərgin zəhməti, dərin biliyi sayəsində ərsəyə gətirdiyi, bədii və texniki həlli uğurlu olan filmləri bu mənada bizləri bəzən güldürür, bəzən qəhərləndirir, riqqətə gətirir, bəzənsə dərin düşünməyimizə, düşündükcə də “Allah sənə rəhmət eləsin, müdrik sənətkar” sözünü deməyimizə səbəb yaradır. 

Şəhla ƏMİRLİ
kinoşünas