Oktyabrın 16-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılacaq.

Sərgi XX əsrin əvvəllərindən II Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir. 1900-1940-сı illər Azərbaycan tarixində siyasi, mədəni və sosial-iqtisadi cəhətdən zəngin mərhələ kimi qalıb. XX əsrə qədər mövcud olmuş dekorativ səciyyəli təsviri sənət indi realist məktəbin ənənələri ilə yenilənir. Sovet rejiminin qurulmasından sonra rus rəssamlıq məktəbinin təhsili sayəsində qısa müddət ərzində Azərbaycan rəssamları səthi təsvirdən həcmliyə keçid edirlər. Yeni özünüifadə vasitələrinə yiyələndikcə rəssamların müraciət etdikləri mövzuların dairəsi də dəyişir. Burada milli mənsubiyyət, milli identifikasiya məzmunları əks olunur, savadsızlıqla mübarizə satirik forma ilə vurğulanır. Qadın azadlığı mövzusu təsviri sənətdə də xüsusi yer tutur.

Sərginin ekspozisiyası İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Sadıq Şərifzadə və başqa rəssamların, Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn, Hüseyn Cavid, Mikayıl Müşfiq və Səməd Mənsur kimi ədiblərin əsərlərində mürəkkəb, dəyişkən bir dövrdən bəhs edir.

Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərlərindən, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarından təşkil olunub.

Sərgini Goethe Zentrum-un “YARAT” Müasir İncəsənət Məkanına hədiyyə verilmiş və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin qarşısında rəssam Marko Montiel-Sotonun (Berlin, Almaniya) tərəfindən yaradılmış “Villa Petrolia” instalyasiyasının açılışı müşayiət edəcək. İnstalyasiya Bakı neft bumu dövründə tikilmiş qüllədən ibarətdir və onun içərisində Bakının müasir neft həqiqətlərinə ehtiram olaraq rəssam tərəfindən toplanmış posterlər və video nümayiş olunur.

Sərginin kuratorları Suad Qarayeva-Maleki və Fərəh Ələkbərlidir.