Oktyabrın 12-də Ankarada, Türk Tarix Qurumunda Türk Ocaqları, Özbəkistanın Türkiyədəki səfirliyi, Türkiyə-Özbəkistan Dostluq Dərnəyinin təşkilatçılığı ilə  “Türk Şurasının 10-cu ilində Özbəkistanın üzvlüyü” adlı tədbir düzənləndi.

Tədbir iştirakçıları öncə Özbəkistan fotoqraflarının sərgisi ilə tanış oldular. Sonra konfrans başladı.

Özbəkistanın Türkiyədəki səfiri Alişir Azimhoayev, Türk Tarix Qurumunun sədri Refik Turan, Türk Ocaqlarının sədr müavini, professor Filiz Yavuz, Türkiyə-Özbəkistan Dostluq Dərnəyinin sədri, professor Orhan Kavunçu açılış nitqləri ilə çıxış etdilər. Orhan Kavunçu Türk Şurasının qurulmasından və önəmindən bəhs etdi, 2009-cu ildə bu qurumun əsasını qoyan “Naxçıvan müqaviləsi”nə toxundu.

Çıxışlarda Özbəkistanın Türk Şurasına qatılması təqdir edildi.

Mərasimin ikinci bölümü panellə davam etdi. Çıxışlarda həmçinin son illər Özbəkistanda müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində baş verən dəyişiklik və inkişafdan bəhs edildi. Türkiyəli professorlar Kurşat Zorlu və Serhat Yılmaz türk dünyasında həm mədəni, həm də siyasi münasibətlər baxımından Özbəkistanın atdığı bu addımı yüksək dəyərləndirdilər.

Tədbirin bədii hissəsində Buxara şəhərindən gəlmiş  ansamblın ifasında özbək və türk musiqiləri səsləndi.

Mehparə SULTANOVA
Ankara