UNESCO-da Nəsiminin 650 illiyi təntənə ilə qeyd edilib

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında yer tutan əsərlərində insanın əzəmətini və şəxsiyyətin azadlığını tərənnüm edib. Vəfatından altı əsr ötsə də, mütəfəkkir şairin ölməz irsi bəşəriyyətə yadigar söz-sənət xəzinəsi kimi yaşamaqdadır.

Nəsimi irsinin geniş tədqiq və təbliği, dünya miqyasında tanıdılması ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illiyinin UNESCO səviyyəsində qeyd olunması təkcə böyük şairin adının və irsinin deyil, ümumilikdə Azərbaycanın, onun mədəniyyətinin, ədəbiyyatının təbliği baxımından tarixi hadisə idi. 1973-cü ildə Nəsiminin yubileyi Parisdə, UNESCO-da qeyd edilmiş, təntənəli mərasimdə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı, Fikrət Əmirovun “Nəsimi haqqında dastan” balet tamaşası təqdim olunmuşdu.

Ulu öndərin mədəni irsimizə, söz-sənət irsimizə diqqət və qayğısı bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir. 2017-ci ildə böyük şairin vəfatının 600-cü ildönümünün UNESCO səviyyəsində qeyd edilməsi, Prezident İlham Əliyevin Nəsiminin 650 illiyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı sərəncamları bunu bir daha təsdiq edir.

Nəsimi yeganə Azərbaycan şairidir ki, artıq üçüncü dəfə yubileyi UNESCO-da  qeyd edilir. Oktyabrın 16-da Parisdə, təşkilatın mənzil-qərargahında İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov açaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini bildirib və bu münasibətlə keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Səfir onu da diqqətə çatdırıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağac əkiləcək. O, Nəsiminin Azərbaycan ədəbi mühitinin zənginləşməsində rolunu qeyd edərək, ideya və görüşlərinin dünya ədəbiyyatına təsirindən söz açıb. Mədəni müxtəlifliyə, humanist ideyaların təşviqinə töhfələrindən danışıb.

UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone öz çıxışında Nəsimi yaradıcılığına toxunaraq onun humanist dəyərlərin inkişafına əhəmiyyətli təsir göstərməsindən söz açıb. Qeyd edilib ki, anım tədbirləri UNESCO-nun qarşılıqlı anlaşma, dözümlülük və sülh mədəniyyətinin təbliği missiyasına öz töhfəsini verəcək.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Nəsimi irsinin işığına toplaşan hər kəsə təşəkkürünü bildirib. Nazir müavini 2017-ci ildə UNESCO-da Nəsiminin vəfatının 600 illiyi münasibətilə təşkil edilən anım tədbirini xatırladaraq dahi şairin irsindən bəhs edib. Sevda Məmmədəliyeva ölkəmizdə və onun hüdudlarından kənarda Nəsiminin həyat və yaradıcılığına dair aparılan elmi tədqiqat işlərindən söz açıb, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalından danışıb. 

Nazir müavini sevgi və mənəviyyat şairi kimi Nəsiminin Azərbaycan dilinin formalaşmasında, Şərqdə humanizm ideyalarının təşəkkülündə, ədəbiyyatda kamil insan obrazının yaradılmasında, poetik ənənələrin inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında qonaqları məlumatlandırıb. Nəsiminin təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün ictimai fikrin inkişafında rolu diqqətə çatdırılıb.

Mədəniyyət Nazirliyinin təqdim etdiyi bugünkü konsert-tamaşanın şairin təkcə ədəbi irsindən deyil, həm də fəlsəfəsindən ilham alınaraq hazırlandığını bildirən. Sevda Məmmədəliyeva tamaşaçıları Nəsiminin mistik dünyasına səyahət etməyə dəvət edib.

Almaniyalı nəsimişünas alim Mixael Hess çıxışında şairin yaradıcılığının müxtəlif cəhətlərini diqqətə çatdıraraq, onun Qərb oxucusu üçün əhəmiyyətindən danışıb. Bildirib ki, Nəsimi yaradıcılığı ədəbi xəzinədir. Mixael Hess dərin fəlsəfi fikirləri Nəsiminin oxucuya sadə dillə çatdırdığını vurğulayıb, şairin təkcə dövrünün ziyalıları, mütəfəkkirləri tərəfindən deyil, hər kəs tərəfindən başa düşülmək arzusunda olduğunu söyləyib. Böyük şairin bir çox dərin mətləbləri metaforalarla qələmə aldığını qeyd edib.

Sonra Azərbaycan incəsənət nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri konsert-tamaşa nümayiş olunub. Xalq artisti, xanəndə Teyyub Aslanov və Əməkdar artist Sevda Ələkbərzadənin Nəsiminin şeir və qəzəllərini muğam və müasir musiqi janrında ifa etməsi, eləcə də Dövlət Pantomima Teatrı aktyorlarının performansı alqışlarla qarşılanıb.