Oktyabrın 18-dən 20-dək Bakıda 2-ci “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festival Azərbaycan animasiyasının 50 illiyinə həsr olunub. Festivalda uşaqlar və böyüklər üçün çəkilmiş yerli və xarici animasiya filmləri təqdim ediləcək.
Bu barədə festivala həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Tanınmış animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Axundov qeyd edib ki, ikinci “Animafilm”in mövzusu Çexiya animasiyasıdır. Festivalda müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış təşkil olunacaq. Həmçinin müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil olunacaq. Vorkşopları fransız və yunanıstanlı animatorlar aparacaqlar. Festival zamanı yunan və çex cizgi filmlərinin təqdimatları, müsabiqə proqramları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Rejissor, festivalın münsiflər heyətinin rəhbəri Məsud Pənahi bildirib ki, builki festivalda artıq uşaqlardan ibarət münsiflər heyəti yaradılıb. Beş uşaq münsifi “Uşaqlar üçün ən yaxşı animasiya filmi” müsabiqəsinin qalibini müəyyən edəcək. Festivalın şüarı “Ənənə və inkişafa yeni baxış” adlanır.
Bildirilib ki, festivala 50 ölkədən 250-dən çox müraciət edilib, müsabiqədə 54 film iştirak edəcək.
Qeyd edək ki, “Animafilm” Beynəlxalq Animasiya Festivalının təsisçisi Rəşid Ağamalıyevdir. Animasiya filmləri üzrə seçim komissiyasına Rəşid Ağamalıyev, Nəzrin Əlizadə (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtech Kiss (Çexiya), Piotr Ficner (Polşa) və İlenia Cotardo (İtaliya) daxildir.