Xalq yazıçısı Kamal Abdullanın yeni romanı

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” adlı yeni romanı işıq üzü görüb. Müəllifin sayca dördüncü romanında paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün bədii əksini tapıb.

Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur.

“Azərnəşr”də işıq üzü görən kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarovdur.

Qeyd edək ki, bundan əvvəl Kamal Abdulla oxuculara “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarını təqdim edib.