Xalq artisti Azər Paşa Nemətov növbəti müddətə yaradıcı qurumun sədri seçildi

Oktyabrın 22-də Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirildi. “Park Inn” hotelində keçirilən tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov iştirakçıları salamlayaraq məlumat verdi ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir.

Hesabatlara başlamazdan əvvəl iştirakçılara Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini əks etdirən geniş videoçarx nümayiş etdirildi.

Sonra hesabat dövründə dünyasını dəyişmiş sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

ATXİ İdarə heyətinin sədri Azər Paşa Nemətovun təklifi ilə 3 nəfərdən ibarət mandat komissiyası seçildi.

İclası aparmaq üçün professor, Əməkdar incəsənət xadimi İlham Rəhimli yekdilliklə sədr seçildi.

Sonra Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi çıxışının əvvəlində Azərbaycan teatrının keçdiyi inkişaf yolundan bəhs etdi, bu sahəyə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini dedi. Vurğuladı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bunun bariz nümunəsidir. Dövlətin qayğısı, həmçinin sənət adamlarımızın fədakarlığı sayəsində Azərbaycan teatrı yaşayır, inkişaf edir.

Məruzədə hesabat dövründə yaradıcılıq ittifaqının gördüyü işlər barədə məlumat verildi. Görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyi, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyi, yaxın və uzaq xarici ölkələrdən gəlmiş teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də gənc aktyor, rejissor və dramaturqlar, tənqidçilər üçün təşkil edilmiş yaradıcılıq laboratoriyalarının təşkil edildiyi diqqətə çatdırıldı: “Bununla yanaşı, ittifaqın nəzdində müxtəlif teatrlarda çalışan rejissorlar tərəfindən tamaşalar hazırlanıb, həmin tamaşalar xarici ölkələrdə qastrol və festivallarda iştirak edib. Gürcüstan və Bolqarıstan teatrları və teatr təşkilatları ilə yaradıcılıq memorandumları imzalanıb. Sevindirici haldır ki, bu münasibətlər təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə edir”.

Məruzəçi ATXİ-nin xətti ilə keçirilən festival və müsabiqələr barədə də məlumat verdi.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqı Təftiş komissiyasının sədri, Xalq artisti Vaqif Əsədov hesabat verdi. Hesabatda ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat yer almışdı.

Ardınca mandat komissiyasının məlumatı dinlənildi.

İclasın sədri İlham Rəhimli “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının əhəmiyyətini qeyd edərək, proqramın həyata keçirilməsində Mədəniyyət Nazirliyinin böyük rolunu vurğuladı. Sonra çıxış üçün söz Mədəniyyət naziri Əbülfəs Qarayevə verildi.

Nazir öncə konfrans iştirakçılarını ölkəmizin bütün mədəniyyət işçiləri adından salamladı. Azərbaycanda teatr sənətinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu deyən Əbülfəs Qarayev ötən illərdə ölkə Prezidenti tərəfindən bu istiqamətdə fərman və sərəncamların imzalandığını, paytaxt Bakıda, eləcə də digər şəhərlərimizdə teatr binalarının əsaslı təmir edildiyini, müasir texniki qurğularla təmin edildiyini, yüksək səviyyədə yaradıcı fəaliyyət üçün şərait yaradıldığını diqqətə çatdırdı. Son ildə müvafiq dövlət  proqramının necə yerinə yetirildiyi barədə geniş danışan nazir ölkəmizdə artıq ənənə halını alan beynəlxalq teatr konfransı və festivallarının keçirildiyini, teatrlarımızın beynəlxalq əlaqələrinin genişlənməsi, xarici ölkələrdə müxtəlif festivallarda iştirakının da diqqətdə saxlanıldığını vurğuladı.

Eyni zamanda qeyd edildi ki, əldə olunan nailiyyətlərlə bərabər nöqsanlar da yox deyil: “Bütün teatrlarda lazım olan şəraiti tam yarada bilməmişik. Lakin burada toplaşmış teatr sənətçiləri 2006-cı ilədək işlədikləri şəraiti yadlarına sala bilərlər. Nöqsanları da ardıcıllıqla aradan qaldırırıq. Bu gün bizim həyata keçirdiyimiz əsas işlər dövlət proqramı çərçivəsində gördüyümüz işlərdir. 2009-cu ildən bu günədək proqram çərçivəsində görülmüş işləri bir-bir sadalasaq, saatlarla vaxt gedər və buna ehtiyac da yoxdur. Bu gün artıq qarşıdakı on il üçün milli teatr prosesinin necə gedəcəyi barədə düşünməliyik: peşəkar teatr bundan sonra necə inkişaf edəcək, milli irs, dəyərlər, adət-ənənələr bu sənətdə necə qorunacaq, eksperimentlər necə aparılacaq kimi suallara cavab vermək, bütün bunların növbəti on il ərzində işləyəcək teatr proqramında əks etdirilməsi barədə düşünmək və həyata keçirilməsi üzərində çalışmaq lazımdır”. 

“Teatr cəmiyyətin aynasına çevrilməlidir” deyən nazir Əbülfəs Qarayev Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirdi.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar başladı.

Bakı Xoreoqrafiya Akademiyasının professoru Rafiq Sadıqov, ADMİU-nun kafedra müdiri, dramaturq Əli Əmirli, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissor-aktyoru Xalq artisti Kamran Quliyev, Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev, ADMİU-nun dosenti, Əməkdar artist Azad Şükürov, Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova, ATXİ Gənclər bölməsinin rəhbəri, teatrşünas Dağlar Yusifov hesabat məruzəsi ətrafında çıxış edərək ittifaqın və ATXİ İdarə heyəti sədrinin fəaliyyətini müsbət, təftiş komissiyasının işini məqbul qiymətləndirdilər.

Fasilədən sonra ATXİ İdarə heyətinin sədri, üzvləri, habelə təftiş komissiyası heyəti ilə bağlı səsvermə keçirildi. 

Açıq səsvermə yolu ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçildi.

Sonra təftiş komissiyası əvvəlki heyətdə təsdiq edildi.

ATXİ İdarə heyəti sədrinin müavinlərini və İdarə heyətinin tərkibini elan etmək üçün tribunaya qalxan sədr Azər Paşa Nemətov əvvəlcə etimada görə konfrans nümayəndələrinə minnətdarlığını bildirdi: “Sizin etimadınız o deməkdir ki, mənim həyatım boş keçməyib”.

Xalq artistləri Hacı İsmayılov, Rafiq Əliyev, Cənnət Səlimova, Siyavuş Kərimi, Azər Zeynalov, Əməkdar incəsənət xadimi İlham Rəhimli yekdilliklə idarə heyətinin üzvü seçildilər. Bundan əlavə, Hacı İsmayılov və Rafiq Əliyev ATXİ İdarə heyəti sədrinin müavinləri vəzifəsinə təsdiq olundular.

Konfransın növbəti hesabat dövründə görəcəyi işlər barədə qərar layihəsini Xalq artisti Nurəddin Mehdixanlı, Teatr Xadimləri İttifaqının bəyannaməsini İdarə heyətinin üzvü Hacı İsmayılov oxudu.

Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı öz işini başa çatdırdı.

GÜLCAHAN