Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, xanəndə Sara Qədimovanın xatirə gecəsi keçirilib.
Gecənin aparıcısı – Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənli istedadlı xanəndənin həyat və yaradıcılığı barədə danışıb. Qeyd edib ki, Sara Qədimova öz adını Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə yazdırıb, onun yaradıcılığı ölkə hüdudları xaricində də yaxşı tanınırdı. Diqqətə çatdırılıb ki, muğam, xalq və bəstəkar mahnılarının unikal ifa tərzi ilə məşhur olan Sara Qədimova peşəkar karyerasına dahi Üzeyir Hacıbəylinin xeyir-duası ilə başlayıb. O, “Şur dəsgahı”, “Mahur-hindi”, “Bayatı-Şiraz”, “Rast”, “Segah”, “Qatar”, “Şahnaz” kimi mürəkkəb muğamları gözəl ifa edən xanəndələrdən idi. Həmin ifalar Azərbaycan Televiziya və Radiosunun “qızıl fond”unda saxlanılır.
Gecə boyunca həmin lent yazılarından parçalar nümayiş olunub, xanəndə ilə bağlı xatirələr səsləndirilib.
Xatirə gecəsində tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblının müşayiətində Əməkdar artist Ehtiram Hüseynov, Səbuhi İbayev, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Rəvanə Qurbanova, Səbinə Ərəblinin ifaları təqdim olunub.
Lalə AZƏRİ