Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) yaradılmış Gənc rejissorların yaradıcılıq laboratoriyasından xəbərdar idik. Laboratoriya iştirakçıları bir ilin tamamında gördükləri işləri, hazırladıqları tamaşaları geniş auditoriyaya göstərməli idilər. Və bizə dedilər ki, oktyabrın 15-dən 18-dək “Baxış” var və biz 7 tamaşaya baxacağıq. Bir il üçün yeddi məşğələ iştirakçısından yeddi tamaşa – heç də zəif göstərici deyil...

Onu deməyi də unutmayaq ki, bu yaradıcılıq laboratoriyasının bədii rəhbəri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur. Yeri gəlmişkən, bütün tamaşalar Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində və əsas səhnədə oynanıldı...

 

“Unudulmuş kukla” xatırlandı, amma başqa tərzdə

 

Laboratoriya öz birillik hesabatına A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rejissoru, indiyədək maraqlı və uğurlu kukla tamaşaları hazırlamağa müvəffəq olmuş Anar Məmmədovun “Yad qadının məktubları” monotamaşası ilə başladı. Təxminən üç il əvvəl onun Stefan Sveyqin məşhur novellası əsasında quruluş verdiyi “Unudulmuş kukla” tamaşasını seyr etmiş və qeydlərimizi qəzetimizdə (“Oyuncaq taleyi insana qismət olanda”, 4 dekabr 2016-cı il) yazmışdıq. Lakin... Bu dəfə təqdim edilən “Yad qadının məktubları” həmin tamaşa deyildi. Düzdür, tamaşanın yeganə iştirakçısı yenə Əməkdar artist Cəmilə Allahverdiyeva idi. Amma rejissorun tamaşa üzərində növbəti çalışmasının vurğusu dəyişmişdi.

Nəticə? Nəticə budur ki, artıq bir neçə ildən bəri teatrda ştatlı rejissor olaraq çalışan Anar Məmmədov öyrənməyə ehtiyac duyduğunu gizlətmir və öyrənmək üçün də ərinmir. İkincisi, rejissor üç il öncəki tamaşasının qüsurlarını görüb və bu tamaşaya ustadın (belə laboratoriyalarda münasibət sırf ustad-şagird müstəvisində qurulduğu üçün Bəhram Osmanovun isminə bu təyini qoşa bilərik) göstərişlərini də nəzərə almaqla qayıdıbsa, deməli, o, doğru sənət yolundadır.

 

“Biganə gözəl”? Bəlkə “Biganə yaraşıqlı”?

 

Bir zamanlar Jan Kokto bu pyesi estrada ulduzu parlamış Edit Piaf üçün yazmışdı. Üstəlik, müğənnini dilə tutub onun bu rolu çox gözəl ifa edəcəyinə inandırmışdı. Və... pyesdəki qəhrəmanının taleyini öz gerçək həyatında bir neçə dəfə yaşamış müğənni Edit Piaf yarım saat boyunca səhnədə nəfəs dərmədən danışan müğənni qadın rolunu böyük məharətlə ifa etmişdi! Həmin tamaşada onun ilk tərəf-müqabili – tamaşa boyunca ağzını açıb bir kəlmə də deməyən Emil rolunda Edit Piafın həmin dövrdəki sevgilisi – öz taleyini müzik-holla bağlamaq niyyətində olan bankir oğlu Pol Möris oynamışdı. Müəllif Emil obrazına elə bir dramaturji məna yükləmişdi ki, həmin roldan sonra Pol Möris özünü dramatik aktyor kimi sınamaq qərarına gəlmişdi.

Tamaşanın adının dilimizə hərfi tərcüməsi əsərdən xəbərsiz tamaşaçını bir qədər çaşdırır. Çünki cins kateqoriyası olmayan ana dilimizdə “Biganə gözəl” ifadəsi birmənalı olaraq qadına işarə edir. Tamaşada isə biganə adam baş qəhrəmanı intihar həddinə çatdıran kişidir. Odur ki, əgər əsərə quruluş vermiş gənc rejissor Aydan Kalman tamaşanın adını “Biganə yaraşıqlı” kimi versəydi, daha məqsədəuyğun olardı. Nəzərə alsaq ki, tamaşa tam olaraq Jan Koktonun yazdığı kimi (Kokto həm də çox mükəmməl rejissor idi və onun bütün mizanları nəzərə alaraq yazdığı mətnə müdaxilə ən azından illərin səhnə təcrübəsi və peşəkar rejissor yanaşması tələb edir) oynanıldı, quruluşçu rejissor kimi, çox gənc aktyorlar Pərvin Dadaşova və Mirqabil Ələkbərov da rollarının öhdəsindən gəlmiş sayıla bilərlər. 

 

Xoşbəxt günlərimizi yada sal, “Mən öləndə ağlama”

 

Pərvinin “Mən öləndə ağlama” əsəri Ayla Osmanovanın quruluşunda Gənc Tamaşaçılar Teatrının məhsulu kimi tanınıb, hətta bu yaxınlarda Oşda keçirilmiş teatr festivalından mükafatla da qayıdıb. Əgər bu tamaşanın ərsəyə gəlməsində ATXİ-nin yaradıcılıq laboratoriyasındakı ustad dərslərinin, məşğələlərin də rolu varsa, buna yalnız sevinmək olar. Gənc aktrisa Səbinə Məmmədovanın oynadığı monotamaşa həyatın əzablarına rəğmən sınmayan, öz məqsədinə çatmaq üçün əziyyətlərə dözən, lakin sevdiyi kişini itirməklə daxili dünyası, ruhu param-parça olan Leylanın həyat hekayətidir. Demək olar ki, iş həyatında uğur qazanmaq üçün çırpınmış, unudulmaz eşq yaşamış hər bir qadının taleyi üçün avtobioqrafik məqamların olduğu tamaşa üç gənc qadının – müəllif, rejissor və aktrisanın istedadının, zəhmətinin və cəsarətinin – gözəl qız olan vəkil Leylanın səhnə taleyinə amansız münasibətinin təzahürüdür. Biz “Mən öləndə ağlama” tamaşasının hələ çox uğuruna şahidlik edəcəyik. Nədən ki, tamaşanın toxunduğu olay o qədər tanışdır ki...

 

“Teatral komediya” = eşq dördbucağı

 

Laboratoriyanın sayca dördüncü tamaşası “Baxış”la maraqlananların ovqatını əməlli-başlı düzəltdi. Faciələrdən sonra komediyaya tamaşa etmək lap yerinə düşürdü. Gənc Tamaşaçılar Teatrının aktyoru Müşfiq Əliyev uşaq tamaşalarındakı rolları ilə daha çox tanınır. Uşaqlar üçün oynayanda da öz ifasına maraqlı ştrixlər, xüsusi kolorit qatmağı ilə ifası bəyənilən aktyorun özünü böyüklər üçün tamaşa qurmaq işində sınamağına gəlincə, bu işə əl qoymağa dəyərdi. Kimyəvi texnologiyalar sahəsində bir çox tapıntılarını etdikdən sonra özünü ədəbiyyatda, dramaturgiyada uğurla sınamış Valentin Faynberq (Valentin Krasnoqorov təxəllüsü ilə) təxminən əlli pyes yazıb. Əksəriyyəti birpərdəli olan, insan qəlbinin dərinliklərinə baş vuran, ya da çox məzəli situasiyaları səhnəyə çıxaran bu pyeslər Rusiyanın və əsasən yaxın xarici ölkələrin teatrlarında tamaşaya qoyulub.

Komediyanın içində tragediyanın oynanıldığı “Teatral komediya” həm də tamaşa iştirakçılarının tale dramı kimi qurulub. Aparıcı aktrisa özündən yaşca böyük olan, həm də sənətinin qürub çağını yaşayan aktyor əri onu qısqanmasın deyə, baş rolu oynadığı tamaşada ona da kiçik rol verilməsinə nail olub. Ər öz arvadının səhnədəki aşiqini oynayır, lakin qadının səhnədəki həyat yoldaşını oynayan aktyorun gerçəkdən onun arvadına vurulmasından xəbər tutduğu üçün tamaşanı pozmaq niyyətilə çıxışına gecikir. Bu anda səhnəyə başqası çıxır. Aktyor sənətindən anlayışı olmayan, teatrda işıqçı işləmək üçün gəlmiş bir nəfəri baş rejissor səhnəyə itələyərək şərt kəsir: tamaşanı xilas etsə, onu işə götürəcək!

Əsl həngamə də burdan başlayır.

Gənc Tamaşaçılar Teatrının təcrübəli aktyorları Əməkdar artist Elnur Hüseynov, Zümrüd Quliyeva, Kərəm Hadızadə, Elşən Şıxəliyev elə bir sevgi dördbucağı qururlar ki, tamaşa içində oynanılan tamaşanın taleyini birdəfəlik həll edirlər: baş rejissor tamaşaçıların salonu tərk edib biletləri qaytardıqlarına, aktyorlar mətndən kənara çıxıb tamaşanı pozduqlarına görə əsəri bağlayır və repertuardan çıxarır! Hə, repertuar demişkən, məsləhət kimi çıxmasın, tamaşaya yüngülvarı əl gəzdirməklə onu Gənc Tamaşaçılar Teatrının repertuarına salmaq olar.

 

Quruluşçu rejissorun telefonu niyə açıq idi?

 

Laboratoriyanın təqdim etdiyi beşinci tamaşa da Valentin Krasnoqorovun yaradıcılığından idi. Görünür, məşğələlər zamanı bu müəllifin qısa pyesləri xeyli araşdırma mövzusu olub deyə, özlərini quruluşçu rejissor kimi sınamaq istəyən iki aktyor ona müraciət edib. Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu V.Krasnoqorovun “Xəyanətin incəlikləri” silsiləsindən “Biz heç vaxt mübahisə etmirik” teatral novellasını (müəllif silsilədəki 11 birpərdəli pyesin janrını belə müəyyən edib - G.M.) seçib. Aktyorlar Aydın Dəmirov ilə Zülfiyyə Alhüseynova tamaşada məşhur ifadə ilə desək, “məişət qayalarına çırpılmış sevgi qayığı”na suyun hardan dolduğunu axtarırlar. Son illər dramaturqların unutduğu “aparte”, yəni kənara danışmaq üsulunun gen-bol istifadə olunduğu tamaşada məhz apartenin sayəsində tamaşaçı qarşılıqlı sevgi əsasında qurulmuş, iki övladı olan bu ailədəki soyuqluğun, qadının məişətə qapanmasının, kişinin də eşq macərasına uymasının səbəbləri anlaşılır.

Tamaşada bir maraqlı məqam diqqəti çəkir. Ərin mobil telefonuna davamlı gələn votsap ismarışları Arvadın hövsələsini daraldır, Əri mətbəxdən çıxan kimi onun telefonuna baxmağa vadar edir. Tamaşaçı da gözləyir ki, bu dəqiqə hər şeyin üstü açılacaq, Ər baş idarədən gələn Müfəttişin qadın olduğunu və işdən sonra onunla vaxt keçirdiyini deyəcək. Amma olmur. Beləcə, birinci cərgədə əyləşib aktyor Aydın Dəmirovun telefonuna ismarış yollayan Vahid Orucoğlu vaxtında “sevgi mesajlaşması”nı saxlayır.

 

Ürəyimə yat və... “Ürəyə düş”

 

Universiteti teatr rejissorluğu ixtisası üzrə bitirib uğurlu teatr aktyoru karyerası quran, Gənc Tamaşaçılar Teatrında Çeburaşkadan Gövhərtaca, Dəcəl keçidən Leyliyədək müxtəlif obrazlar yaradan, serial və filmlərdə çəkilən Səbinə Məmmədova yaradıcılıq laboratoriyasının iştirakçısı kimi yazıçı Pərvinin “Ürəyə düş” pyesinə müraciət edib. Əsər komaya düşmüş bir qızın ruhunun anasının kirayə verdiyi evdə qalan oğlanla görüşlərinin ətrafında cərəyan edir. Baş rolda Səbinə Məmmədovanın özünün oynadığı tamaşada aktyorlar Zemfira Əbdülsəmədova, Elşən Hacıbabayev, Yasin Həzirə çıxış edirdilər.

Əsərə gəlincə... “Ürəyimə düş...” məşhur fransız yazıçısı Mark Levinin rusdilli məkanda “Göylə yer arasında” adı ilə tanınan, orijinalda adı “Əgər bu, həqiqət olsaydı...” romanında təsvir edilən əhvalata çox oxşayır. Yeri gəlmişkən, əgər bu romanı mütaliə edən çox olmasa da, 2005-ci ildə ekranlara çıxmış, təsir gücünə görə hətta “Ruh” filmi ilə müqayisə edilən “Göylə yer arasında” filmini görənlər dediklərimizə haqq verər. Mark Uotersin janrını fentezi/romantik film kimi müəyyən etdiyi filmə bir ildən sonra Bollivud da müraciət edərək, “Mən səni görürəm” filmini istehsal edib. Necə deyərlər, bəzən ədiblər də bir-birindən ilham alırlar və yazıb yaradırlar...

 

Köhnə tanışla yeni əhvalat

 

Maraqlıdır ki, “Baxış” festivalı “Yad qadının məktubları” kimi çox məşhur əsərlə başlayıb elə Udvard Olbinin “Zoopark əhvalatı” kimi tanınmış pyesinin tamaşası ilə də bitdi. Gənc rejissor İmran Əli Qurban (onu səhnədə aktyor kimi gördüyümüzü xatırlayırıq) əsasən festival, ya da kurs, diplom tamaşaları kimi hazırlanan əsəri – iki aktyor üçün “Zoopark əhvalatı”nı seçmişdi. Aktyorlar Elçin Hacı və Ramil Zeynalovun ifasında bu tamaşa – müəllifin əsər üçün seçdiyi qayənin – uşaqlıqda alınmış psixoloji travmaların bədbəxt etdiyi Cerri ilə normal, nizamlı həyat yaşayan, öz halından, maddi durumundan, ailə vəziyyətindən məmnun Piterin bir saatın içində necə qatilə çevrilməsini inandırıcı tərzdə çatdıra bildilər.

 

Yeni başlanğıclar üçün sonluq

 

Festivalın son günü “Zoopark əhvalatı”ndan sonra bağlanış mərasimi keçirildi.

Səhnəyə çıxan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov qurumun hər zaman gənclərə dəstək olduğunu, onların sənətdə daha böyük uğurlar qazanmasına şərait yaradıldığını söylədi.

Gənc rejissorların yaradıcılıq laboratoriyasının rəhbəri Bəhram Osmanov bir il ərzində özünü quruluşçu rejissor kimi sınamaq istəyən gənclərin həvəslə çalışdıqlarını vurğuladı, bu işdə kömək göstərdiklərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə, işçilərinə, “Baxış”ın tamaşalarını diqqətlə izləyənlərə, o cümlədən mənəvi dəstəyə görə “Mədəniyyət” qəzetinə də təşəkkürünü bildirdi.

Sonda tamaşası oynanılmış yeddi quruluşçu rejissora diplomlar təqdim edildi, xatirə şəkli çəkdirildi.

***

Bəs iradlar, nöqsan, ya qüsurlar? Hansı işdə, hansı ilk addımda bunlar olmur ki? Elə onu deyək ki, xüsusən tərcümə əsərlərinin adından ta mətnlərdəki uzun, axırına çatanda əvvəli yaddan çıxan cümlələrin redaktəsinə ehtiyac var...

Görkəmli kinorejissor və pedaqoq Sergey Bondarçuk xatirələrində yazırdı ki, kinematoqrafiya institutunda rejissorluq ixtisası üçün sənəd verən gənclərə ilk sualım belə olur: bura niyə gəlmisən? “Rejissor olmaq istəyirəm” cavabını verənlərə heç vaxt inanmıram, film çəkmək, bu sənəti öyrənmək istəyirəm deyənlərin arzusunu anlamışam. Bəli, ötən həftənin əvvəlində “Baxış”a çağırdılar. Gəlib gördük ki, bu tamaşalara baxmağa dəyər. Çünki onları tamaşa qoymaq istəyənlər hazırlamışdı.

Gülcahan MİRMƏMMƏD