Fərhad Rəhimovun sərgisindən təəssürat
Hər dəfə fərdi sərgiyə hazırlaşarkən rəssam çox həyəcanlanır. Tamaşaçılar onun əsərlərini necə qəbul edəcək, insanlar bu əsərlərə biganə olacaq, yoxsa sevəcəklər?
Fərhad Rəhimov da belə həyəcanlanırdı. Onun fərdi sərgisi Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda keçirilirdi...
Fərhad Rəhimov Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) məzunudur. Hələ tələbə vaxtlarında o rəssamlıq bacarıqlarını öyrənərkən böyük əzm göstərib və bu səyləri öz töhfəsini verib. Artıq onun məxsusi rəng davranışı və polifoniyası, parlaq dəst-xətt fərdiliyi formalaşmışdır. O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, çox həvəslə işləyir. Keçirilən sərgi bunun bariz nümunəsidir.
Qədim küçələri, İçərişəhər kimi tarixi abidəsi olan Bakını ürəkdən sevən Fərhad bu koloritli, əsrarəngiz küçələri böyük sevgi ilə əks etdirir. Sərgidə nümayiş olunan “İçərişəhər”, “Mənzərə”, “Yiyəsiz ev”, “Qədim küçə” və s. kimi əsərlər bu qəbildəndir.
Rəssamın ən çox sevdiyi “Küplər” silsiləsinə gəlincə, onun bu planda olan çoxsaylı rəsm variasiyaları dulusçuluq sənətkarlığına tükənməz məhəbbətini tərənnüm edir.
“Vəsiyyət”, “Qədim küplər”, “Alma natürmortu”, “Çiçəklər”, “Lalələr” və s. kimi lövhələr tamaşaçını biganə qoymayacaq. Rəng ekspressiyası, tamaşaçını eyni hissləri yaşamağa sövq edən fərdi plastik üslub 50 yaşına qədəm qoymuş F.Rəhimovun sənət hesabatı sayılan sərgisinin ən dəyərli işlərinə xasdır.
Zina MİRZƏZADƏ
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı