Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək.

Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə həyata keçirilir. Əntiq əşyaların, qədim mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq nümunələrinin, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur.

Xatırladaq ki, “Auction Baku”da qeydiyyat iki cür aparılır: alıcılar və satıcılar. Auksion və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksion və müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 

“Auction Baku”da artıq 8 lot müəyyənləşib. Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya’’, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda yaz” və Namiq Məmmədovun “Mələklərin səhər yeməyi” əsərləri hərraca çıxarılacaq.

Auksionda iştirak etmək istəyirsinizsə, öz iştirakınızı aşağıdakı e-mail ünvanlarına göndərməklə təsdiq edə bilərsiniz. Daha sonra “Necə almalı”, “Necə satmalı”, “Necə iştirak etməli” kimi suallara cavablar e-mail ünvanınıza göndəriləcək.

Almaq üçün: auction.baku1@gmail.com

Satmaq üçün: auction.baku2@gmail.com

Əlaqə nömrəsi: + 99477 717 33 37

Qeydiyyat bitdikdən sonra əsərlərə komissiya tərəfindən baxılacaq və hərraca qəbul edilən işlər müəyyənləşəcək. Auksionun keçirilmə tarixi haqqında məlumat yaxın günlərdə elan ediləcək.