“Xəmsə”nin özbək dilinə tərcüməsi başa çatıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində çapdan çıxıb.
Əsəri Özbəkistanın Xalq şairi Kamal tərcümə edib. Nəşrə ön sözün müəllifi AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, layihənin rəhbəri AMM-in direktoru Samir Abbasov, məsləhətçiləri Özbəkistan Milli Elmlər Akademiyasının bölmə müdiri, professor İbrahim Haqqulov və azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, redaktoru dosent Gülbahar Aşurova, nəşrə məsul filologiya elmləri namizədi Kərimulla Məmmədzadədir.
Nəşrdə AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə aid saxlanılan miniatürlərdən istifadə olunub.
AMM-in direktoru S.Abbasov “Yeddi gözəl” əsəri ilə “Xəmsə”nin bütövlükdə özbək dilinə tərcüməsi layihəsinin başa çatdığını və bu əsərlərin hər iki ölkənin kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz olaraq göndəriləcəyini bildirib.