“Bu gün filmlərimiz dünya kino bazarında tanınmağa başlayıb. Ölkəmizdə keçirilən festivallar, bura gələn xarici kino mütəxəssisləri - bütün bunlar kinomuzun yüksəlişindən xəbər verir”
1898-ci ilin 2 avqustunda Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə əsası qoyulan Azərbaycan kinematoqrafiyası 117 yaşını tamamladı. Prezident Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, bu tarix kino işçilərimizin peşə bayramına çevrilib. Azərbaycan Kinosu Günü bu il də ənənəvi olaraq təntənəli mərasimlə və yeni ekran əsərinin premyerası ilə qeyd olundu.
İyulun 31-də Nizami Kino Mərkəzində keçirilən təntənəli mərasimdə mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Əvvəlcə son dövrlərdə istehsal edilən filmlər və kino aləmində baş verən yenilikləri özündə əks etdirən videoçarx nümayiş olundu. Videoçarxda ötən dövrün film təqdimatları, kinofestivallarda qazanılan uğurlar, yubiley gecələri, tanınmış kino mütəxəssislərinin ustad dərsləri əksini tapmışdı.
Sonra günün premyerası - Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "4.1 şəhər motivləri" kinoalmanaxı haqqında məlumat verildi. Bildirildi ki, almanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir.
Təbriklər və arzular
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Bildirdi ki, bu gün ölkəmizdə mədəniyyətin bütün sahələri kimi, kino sahəsi də inkişaf edir.
Qeyd olundu ki, ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycanda da, kinematoqrafiya tənəzzülə uğramaq üzrə idi. Bu gün isə, həmin dövr heç olmayıb kimi, keçdiyimiz çətinlikləri unuduruq. Biz daim yaxşı rejissor, ssenari axtarışındayıq, filmlərin festivallarda az uğur qazanmasından narazılıq edirik: “Amma bu işin içində olan insanlar üçün mənzərə daha fərqlidir. Əvvəlki onilliklərdən fərqli olaraq, son illərdə böyük nəticələr əldə edilib. Azərbaycan kinosunun sorağı dünyanın məşhur festivallarından gəlir. Kino mərkəzləri yenidən qurulur, kino sənayesinin inkişafı üçün bütün istiqamətlərə yol açılır, istehsal mexanizmi müasirləşir. Bu gün nə qədər özəl studiyalar fəaliyyət göstərir, "Azərbaycanfilm" kinostudiyasının nəzdində əlavə studiyalar tam gücü ilə işləyir. Filmlərin festivallarda iştirakı, gənc rejissorlara, kino kadrlarına yaşıl işığın yanması, layihələrin ərsəyə gəlməsi - bütün bunlar Azərbaycan kinosunun uğurları sırasındadır".
Ədalət Vəliyev qeyd etdi ki, 20-25 il əvvəl bizi dünyada daha çox incəsənətin digər növləri ilə tanıyırdılarsa, bu gün filmlərimiz dünya kino bazarında yetərincə tanınmağa başlayıb: "Ölkəmizdə keçirilən kinofestivallar, bura gələn xarici kino mütəxəssisləri, ustad dərsləri və s. kinomuzun yüksəlişindən xəbər verir. Eyni zamanda özəl kinoteatrların sayının artması kinoya olan maraqdan xəbər verir. Bu gün Azərbaycanda kinonun müxtəlif sahələri üzrə gənc mütəxəssislər, kino rəssamları, rejissor, qrim ustası və bəstəkarlar yetişir. Mədəniyyətin bu çətin sahəsi ilə məşğul olan sənət adamlarını bir daha təbrik edir, işlərində uğurlar arzulayıram".
Peşə bayramının sevinci və mükafatları
Əlamətdar gündə ikiqat sevinc yaşayan kino işçiləri də oldu. Ədalət Vəliyev bir qrup kino mütəxəssisinin Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edildiyini nəzərə çatdırdı və nişanları sahiblərinə təqdim etdi.
“Azərbaycanfilm” kinostudiyasının əməkdaşları, kinooperator Tərlan Babayev, çəkilişə hazırlıq sexinin rəisi Əziz Məmmədov, Dövlət Film Fondunun baş mühəndisi Afaq Allahverdiyeva, filmlərin bərpası üzrə baş mütəxəssis Tamilla Muxtarova, “Azanfilm” studiyasının rejissor-animatoru Aleksandra Şirinova və “Vətən” kinoteatrının videomühəndisi Məmməd Kərimovun bayram sevincinə sevinc qatıldı. Onlar fəaliyyətlərinə göstərilən diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər.
Peşə bayramı münasibətilə mədəniyyət və turizm nazirinin əmrinə əsasən bir qrup kino veteranı da mükafatlandırıldı. Veteranlara mükafatı nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov təqdim etdi. Mükafatlandırılanlar sırasında “Azərbaycanfilm” kinostudiyasının, “Salnamə” və “Mozalan” studiyalarının, Dövlət Film Fondunun, Nizami Kino Mərkəzinin əməkdaşları da vardı.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da tədbirə əliboş gəlməmişdi. İttifaqın sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova səhnəyə çıxaraq həmkarlarına təbriklərini çatdırdı. Azərbaycan kino sənəti sahəsində çalışan hər kəsə cansağlığı arzuladı və bu il yubileyləri qeyd edilən kino xadimlərinin pul mükafatı ilə təltif olunduğunu bildirdi.
“4.1 şəhər motivləri”nin yaradıcı heyəti səhnədə
Təltifetmə mərasimindən sonra “4.1 şəhər motivləri” kinoalmanaxının yaradıcı heyəti səhnəyə dəvət olundu. Layihənin prodüseri İradə Bağırzadə çəkilişdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Daha sonra rejissorlar çəkiliş prosesindən söz açdılar. Ərsəyə gətirdikləri ilk işlərindən məmnun olduqlarını bildirdilər.
Filmlərdə çəkilən aktyorlardan Əbdül Mahmudov, Zemfira Sadıqova, Cavanşir Hadıyev və başqaları təəssüratlarını bölüşdülər. Yaradılan şəraitə görə kinostudiyanın rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.
Sonda “4.1 şəhər motivləri” filmi tamaşaçılara təqdim edildi.
Qeyd edək ki, almanaxa "Qonşu qadın" (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), "20-ci mərtəbə" (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), "Dmitrov küçəsi ev 86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), "Kədərim" (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və "Zabitin şərəfi" (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmlər daxildir.
Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyevdir.
Lalə Azəri