Yəqin xoşbəxt həm də o yazıçıdır ki, özünün fiziki yoxluğundan sonra əsərləri ilə əbədiyaşarlıq qazana bilir. Bu əsərlər onu zaman və məkan sonsuzluğunun üzərinə çıxardaraq yaddaşlarda yaşadır. Xalq yazıçısı İsmayıl Şıxlı da belə qələm sahiblərindəndir. Ədəbiyyatşünasların sözü ilə desək, onun təkcə “Dəli Kür” romanı bütünlükdə XX əsr Azərbaycan nəsri üçün bir mərhələ sayıla bilər.

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzinə toplaşan qələbəlik də İsmayıl Şıxlı yaradıcılığı ənginliyinə qovuşmaq istəyənlər idi. Yazıçının 100 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilir. Bu dəfə ədəbiyyatsevərlər yazıçının yaradıcılığına həsr olunmuş “Ölən dünyanın yaddaşı” filminin təqdimatına toplaşmışdılar.

“Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi filmdə ədəbiyyatımızın istedadlı nasiri, ədəbiyyatşünas, ictimai xadim İsmayıl Şıxlı, onun ədəbi nümunələri və qəhrəmanları, əsərlərinin ana xəttini təşkil edən ideyalar bir daha tamaşaçılara çatdırıldı.

Millət vəkilləri, elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan professor Qulu Məhərrəmli ölkə başçısının sərəncamına müvafiq olaraq çəkilən ekran işi və tədbirə görə təşəkkürünü bildirdi. Vurğuladı ki, əsərləri, ədəbi qəhrəmanları sayəsində oxucu və tamaşaçıların qəlbinə dərindən nüfuz edən yazıçı kimi İ.Şıxlı daim yaşayacaq. Çünki onun məişət məsələlərinin belə ön plana çəkildiyi əsərlərinin nüvəsində müəllifin xarakterinə xas olan insani keyfiyyətlər və onlardan doğan bəşəri dəyərlər, onlara ehtiram dayanır.

Xalq şairi Sabir Rüstəmxanlı xatirələrində daim işıqlı adam kimi qalan İsmayıl Şıxlıdan danışdı, tamaşaçılar üçün maraqlı ola biləcək bir neçə faktı, kövrək xatiratı dilləndirdi. Yazıçının xarakterik xüsusiyyətlərinin, mərdlik, dürüstlük, bütövlük və dönməzliyinin hopduğu əsərlərini, onların prototiplərini analiz etdi. Yazıçının bir obraz və ya hadisə üzərindən bütöv bir ictimai-siyasi prosesin təsvirini verə bildiyini, tarixi məqamlara obrazlılıq donu biçərək ideyalarını o qəhrəmanlar vasitəsilə kütləvi oxuculara çatdırmaq istədiyi vurğulandı. Bildirildi ki, “Dəli Kür”süz Azərbaycan ədəbiyyatı çox sönük qalardı. Ədib koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazıb.

Yazıçının ailəsi adından oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək ölkə başçısına və silsilə tədbirlərin təşkilatçılarına təşəkkürünü bildirdi. Ekran işinin ərsəyə gəlməsi ideyasından danışdı, atasının son əsərinin əsas götürüldüyü filmin ideya yükündən bəhs etdi.

Sonra söz yaradıcı heyət adından danışmaq üçün filmin ssenari müəllifi və rejissoru Arif Əliyevə verildi. O, çəkiliş prosesindən, ekran nümunəsinin ideyasından bəhs edərək bu film vasitəsilə ötürülən ideyalara diqqət çəkdi.

Qeyd edək ki, müəllifin kiçik oğlu Fərrux Şıxlı və Türkiyədə fəaliyyət göstərən, əslən azərbaycanlı olan məşhur aktrisa Nəsrin Cavadzadənin rol aldığı, müəllifin “Ölən dünyam” əsərinin leytmotiv olaraq seçildiyi 30 dəqiqəlik ekran işinin bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyev, icraçı prodüseri Qənirə Qurbanlı, montajçısı Pərviz Səlimovdur.

HƏMİDƏ