Səfalı təbiəti, zəngin irsi və bar-bərəkətli torpağı ilə tanınan Balakən rayonu növbəti festivala uğurla ev sahibliyi edib. Oktyabrın 26-da rayonda III Xurma festivalı keçirilib.

Festival Kənd Təsərrüfatı Nazirliyi və Mədəniyyət Nazirliyinin, “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb. Festivalda Milli Məclisin deputatları, nazirlik və dövlət qurumlarının nümayəndələri, o cümlədən Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Seymur Həsənov, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, qonşu rayonlardan gəlmiş qonaqlar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirib ki, xurma festivalının keçirilməsi xüsusi önəm daşıyan layihədir. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Bu festival, eyni zamanda milli adət-ənənələrin, qonaqpərvərliyin, rayonun turizm imkanlarının tanıdılmasında, xurmanın, ondan hazırlanan məhsulların təbliğində önəmli rol oynayır.

Festival iştirakçıları xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə, yundarayan, ip əyirən, xalçatoxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıb, buranın mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın bişirilməsi prosesini izləyiblər. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar tədbirin ab-havasına xüsusi rəng qatıb. Festival mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam edib.