Kinomuzun sevilən simalarından biri də Xalq artisti, istedadlı aktrisa Nəcibə Məlikovadır (1921-1992). Gənc yaşlarından sənətə böyük maraq göstərən Nəcibə xanımın aktrisa peşəsini seçməsi ilə Azərbaycanın teatr və kino sənəti qazandı. Onun səhnədə, ekranda yaratdığı koloritli, məzmunlu rolları milli sənət tariximizə zənginlik qatdı.  

40-cı illərin əvvəllərində sənətə gələn aktrisanın yaradıcılığının uğurunu əzmkarlığına, iradəsinə, həmçinin dövrü üçün önəmli olan cəsarətinə bağlamaq olar. Məlumdur ki, həmin illərdə az sayda azərbaycanlı xanım sənət məktəbinə üz tutardı. Bunun başlıca səbəbi isə ailələrin qızlarının aktrisa olmasını istəməməsi ilə bağlıdır. Nəcibə Məlikovanın sənət uğuru, eləcə də yaradıcılığındakı örnək timsallı azərbaycanlı qadınının surətlərinin təsdiqi, sənətin ali təqdimatı, həyat məsələlərinin teatr, kino vasitəsilə həllini tapmasının məntiqli sübutu idi. Çünki aktrisanın yaratdığı obrazlar onlarla qadın seyrçinin sənət sevgisinin artmasına, teatra gəlməsinə səbəb olurdu.

Nəcibə Məlikovanın ilk sənət müəllimi (Azərbaycan Dövlət Teatr Məktəbində) Xalq artisti Fatma Qədri olub. Hələ tələbəlik dövründə tamaşalarda oynadığı maraqlı rolları ilə müəllim və tələbə heyətinin hörmətini qazanıb. Texnikumu bitirəndən sonra öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə başlayan aktrisa qısa müddət sonra, ali təhsil almaq məqsədilə Bakıya qayıdıb. Burda yenicə təşkil edilən Teatr İnstitutuna daxil olub. Görkəmli teatr xadimləri – Adil İsgəndərov, Rza Təhmasib və Kazım Ziyadan sənətin sirlərini öyrənib. 1952-ci ildən Akademik Dram Teatrında çalışmağa başlayıb. Filmlərə çəkildiyindən teatr fəaliyyətində qısa fasilələr yaransa da, ömrünün sonunadək bu teatrda çalışıb. Teatrın səhnəsində dramatik rollarla yanaşı komik obrazlar da yaradıb. “Əliqulu evlənir” (Sabit Rəhman) tamaşasında Yasəmən, “Əcəb işə düşdük”də (Şıxəli Qurbanov) Məlahət, “Lənkəran xanının vəziri”ndə (M.F.Axundzadə) Şölə xanım, Ziba xanım və digər rolları maraqla qarşılanıb. Bu mənada aktrisanın teatr fəaliyyətinin uğurunu izlədikcə kino obrazlarının qalibiyyət qaynağının mənbəyini görürük.     

Müxtəlif janrlı tamaşalarda uğur qazanan aktrisanın ən böyük nailiyyəti teatrın səhnəsində əldə etdiyi tamaşaçı sevgisini kinoda da təsdiqləməsi  oldu. Danılmaz faktdır ki, aktrisaya məşhurluğu daha çox kino obrazları qazandırdı. Ümumilikdə 10 filmdə irili-xırdalı rollar yaradan Nəcibə xanım kiçik obrazı belə yaddaşlara yazdı, ekran personajlarını kino ictimaiyyətinə sevdirdi.  

Kinoda debüt rolu Xədicə olan (“Fətəli xan” filmi) aktrisa sonralar bir-birinin ardınca “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Bakının işıqları” filmində Mirvarid, “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Leyli və Məcnun”da Səlimə, “Əhməd haradadır?” kinokomediyasında Nərgiz xala, “Arşın mal alan” musiqili kinokomediyasında Cahan xala, “Qanun naminə” kinodramında Zərintac, “Üzeyir ömrü” filmində Xurşudbanu Natəvan rollarını yaradıb.

Ekran hadisələrindəki həyat şərtlərini əsas götürərkən aktrisanın yaradıcılığına yansıtdığı başlıca bədii üslub, demək olar ki, həzin, kövrək lirizmdən ibarətdir. Bəlkə də bu kimi xüsusiyyətlər Nəcibə xanımın fərdi keyfiyyətinin təcəssümü idi ki, yaşarı, emosional, orijinal və inandırıcı alınırdı. Bu mənada milyonlarla tamaşaçının ekran personajlarına istinadən məlahətli, nəcib xüsusiyyətli aktrisa kimi qəbul etdiyi Nəcibə xanımın yaradıcılığını romantik üslub adlandıra bilərik. Məsələn, aktrisanın ilk rolu olan Xədicə obrazı  sözsüz olsa da, jest və baxışlar vasitəsilə emosiya və lirizmdən maksimum dərəcədə istifadə edərək rolun istək və məqsədini çatdırdığını görürük. Bu kimi jestlər personajın həyat mövqeyindən irəli gələn səbəblərdən qaynaqlansa da, hər halda aktrisanın yaradıcılığının əsasını başlanğıcdan emosional, romantik səpkidə təsdiqlədi.

1960-cı ildə görkəmli şair Səməd Vurğunun “Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun çəkdiyi ilk bədii-televiziya filmi olan “Aygün” ekranlara çıxanda filmin milyonlar tərəfindən sevilmə səbəblərindən ən başlıcası aktrisanın vəziyyətə uyğunlaşdırdığı məntiqi məqamları emosional ifayla (səmimiyyətlə) tamaşaçıya yaşarı çatdırması idi. Az aktyorlu filmin məna kəsərini (vizual səpkidə) artıran vacib amillərdən biri də əsərin qəhrəmanı Aygünün yeri gələndə mülayim, qayğıkeş, lazımi məqamda isə sərt, iddialı xüsusiyyətlərini danışıq və jestlərin vəhdətində təqdim etməsidir. Təvazökarlıqla iddialılığın, sevgi ilə nifrətin paradoksal şərhi obrazlı təfəkkürün təcəssümüdür. Ekrandan ilk baxışda asan görünən duyğuların təzahürünün analoqu isə tipik keyfiyyət daşıyıcılarının ümumi əhəmiyyət kəsb edən cəhətlərini görüb təhlil etmək, sənət texnikası və biliciliyi vasitəsilə də ekranda vacib hadisəyə çevirmək, çatdırmaqdır. Ekran obrazlarının davranış və düşüncə tərzini peşəkarlıqla duyub milyonlara sevdirmək isə kinoda xarakterlər toplusu yaratmaq deməkdir.    

Aktrisanın sənətdə, demək olar ki, bəxti gətirirdi. Kino rejissorları onun səmimiyyət dolu yaradıcılığının fərqinə varır, bundan bacarıqla istifadə edir, ona məhz nəcib, məlahətli, incə xarakterli rollar həvalə edirdilər. Görkəmli rejissor Lətif Səfərov “Leyli və Məcnun” (1961) filmini çəkəndə tərəddüdsüz olaraq Səlimə rolunu Nəcibə xanıma tapşırdı. Rejissor ideyasından yaranan düzgün mizanlanmış obrazın təqdimatı bu seçimin doğruluğunu təsdiqləyir. Səlimə onu dinləməyən, onunla hesablaşmayan Şeyx Haşiminin həyat yoldaşıdır. Qadın hüquqsuzluğunu anlayan ana qızı Leyliyə də zəmanəsinin qanunları ilə (sevgisiz həyat) yaşamağı məsləhət görür. Bununla belə, qızının daxili iztirablarını da anlayır, ana kimi halına yanır. Ailədaxili dramatizmi nizamlamağa çalışan, mehriban ünsiyyət yarada, evinin hüzurunu qoruya bilməyən Səlimənin acınacaqlı vəziyyəti, daxili sarsıntıları qısa epizodlarda olsa belə, tamaşaçıya tamlığı ilə bəlli olur. Nəcibə Məlikovanın rolun həyat mövqeyini dərindən duyub çatdırma məharəti filmin baxımlılığını artırır. 

Nəcibə xanım haqqında olan məqalə və rəylərdən, həmçinin həmkarlarının, doğmalarının xatirələrindən məlum olur ki, aktrisaya bölgələrdən, xarici ölkələrdən məzmunu sevgi dolu olan onlarla məktub ünvanlanıb. Məktublarda rollarının nəcib xüsusiyyətli olmasının səbəbini onun şəxsi keyfiyyəti ilə əlaqələndirənlər də çox olub. Əslində, onlar haqlı idilər. Çünki Nəcibə xanımın rollarına hopan həlimlik, zəriflik şəxsi keyfiyyətlərinin təcəssümü idi. 

Aktrisanın Akademik Dram Teatrının səhnəsində ifa etdiyi komik rolları sonralar kinokomediyalarda yaratdığı obrazların yaşarı alınmasına kömək etdi. Görkəmli teatr rejissoru, kino aktyoru Adil İsgəndərovun çəkdiyi “Əhməd haradadır?” (1964) filmindəki Nərgiz xala obrazı sadə süjetli filmin yaradıcı heyətinin ideya-bədii prinsiplərini doğrultmasına səbəb yaratdı. Film çəkilməsindən 55 il keçməsinə baxmayaraq insanlığa, xeyirxahlığa dair mühüm mesajlar verməsinə, yüksək mənəvi dəyərləri təbliğ etməsinə görə bütün zamanlar üçün dəyərlidir, baxımlıdır.

Bilirik ki, yaddaşlarda qalan gülüş estetik məzmun daşıyan gülüşdür. Eyni zamanda bu kimi gülüş dərin məzmun kəsb edir. Bu mənada ictimai həyatın ziddiyyətli məqamlarını düzgün əks etdirdiyinə görə gülüşün hədəf aldığı həqiqət haqqındakı doğru təsəvvür sağlam komediya yaradır, məntiqli komediya isə ictimai mühakimə qüdrətinə çevrilir. Səmimi yaradıcılığın təsdiqi olan gülüşün ömrü uzun olur.

Bəzən peşəkarların dəqiq hədəfə aldığı səmimi gülüşü ciddiliklə (məntiq etibarilə) izləyir, komik situasiyalarda baş verən (mübaliğəli) hadisələrin mahiyyətini tədricən anlayır, anladıqca gülür, güldükcə düşünürük. Deməli, məzmunlu, koloritli gülüş komik hadisələrin spesifik vasitəsi, estetik münasibətlərin məzmunlu ifadəsidir. Nərgiz xalanın sadə və səmimi ifasının yaratdığı gülüş dövrünün anormal xüsusiyyətli insanlarının cahil cəhətlərinə qarşı hayqıran, antipod və meşşan təbiətli tiplərin məzəli cəhətlərini incə ştrixlərlə qınayan gülüşdür.

Tamaşaçı vəziyyətdən yaranan situasiyaya gülməklə yanaşı, personajların (Zülümov – aktyor Lütfəli Abdullayev; xəzinədar – Əliağa Ağayev; sərxoş Əhməd – Bəşir Səfəroğlu) axmaq vəziyyətə düşməsinə səbəb olan davranışlarına, düşüncə tərzlərinə rişxənd edir, Nərgiz xala vasitəsilə zəif cəhətlər, məqsədsiz, meşşan həyat tərzi ifşa olunur, gülüşün hədəfinə çevrilən personajların cahil və saxta xüsusiyyətləri tənqid edilir.   

1959-cu ildə respublikanın Əməkdar artisti, 1974-cü ildə Xalq artisti fəxri adlarına layiq görülən aktrisa, sözün əsl mənasında, xalqın sənətkarı, sevimlisi idi. Onun səhnədən, ekrandan görünən zərif davranışı, xəfif gülüşü, insansevər xüsusiyyəti insanlığı təbliğ edirdi. Bu kimi cəhətləri isə yaradıcılığından, rollarından əlavə insanların görmək istədiyi vacib və gözəl cəhət idi. Xoşbəxtlikdən insanlığa xas olan yüksək keyfiyyətlər də elə Nəcibə xanımın şəxsiyyətində cəmlənmişdi. Bu kimi xüsusiyyətləri rolları ilə yanaşı şəxsiyyətini də sevdirirdi. İnsanlara olan sevgisini, hörmətini sənəti vasitəsilə bildirmək şansından istifadə edən aktrisa özü də adına yansıtdığı gözəl cəhətlərini yaradıcılığının fövqündə böyük məmnuniyyətlə insanlara çatdırırdı.

Şəhla ƏMİRLİ
kinoşünas