Naxçıvanın bənzərsiz təbiətində və memarlıq abidələrində hifz olunan gözəlliklərinə zamanın axarında bədii münasibət göstərən rəssamlar az olmayıb. Əcəmi yurduna Bəhruz bəy Kəngərli tərəfindən göstərilən maraq, sonrakı dövrlərdə həm Azərbaycan, həm də əcnəbi rəssamlar tərəfindən davam etdirilmişdir. Həmin təsviri sənət nümunələrinin bizim dövrə gəlib çatanlarını dəyərləndirməli olsaq, onlarda bu qədim torpağın tarixinin yaşadılmasına xüsusi diqqət yetirildiyini söyləyə bilərik. Bu mənada sovet dönəmində Naxçıvana silsilə rəsmlər həsr etmiş İvan Şeblıkinin (1884-1947) adını çəkə bilərik. Bəs, Azərbaycan təsviri sənət tarixini zənginləşdirməyə layiq olan həmin əsərlərin müəllifini bu torpaqla bağlayan nə olmuşdur?
Qafqazşünas kimi də tanınan İvan Şeblıkin Azərbaycana 1928-ci ildə gəlmişdi. Onu Bakıya respublikada tarixi və mədəniyyət abidələrinin geniş tədqiqinə və bərpa işlərinə başlanması ilə bağlı dəvət etmişdilər. Kazan incəsənət məktəbinin bədii-memarlıq şöbəsini bitirən İ.Şeblıkin, Şimali Qafqazda zəngin təcrübə toplayandan sonra Bakıya gəlmişdi. Uzun müddət Azərbaycanda fəaliyyət göstərən İ.Şeblıkinin Azərbaycan Milli İncəsənət Muzeyində və Milli Azərbaycan Tarix Muzeyində qorunan rəngkarlıq və qrafika əsərləri duyulası əhəmiyyət daşımaqdadır. Onun təsvir etdiyi memarlıq abidələrinin bir çoxunun artıq mövcud olmadığını nəzərə alsaq, onların, sözün əsl mənasında, tarixi mahiyyət daşıdığını söyləyə bilərik. Bu sırada Naxçıvan ünvanlı əsərlər də az deyil. Rəssam onları əsasən 1934-1941-ci illər arasında işləyib. Akvarellə çəkilmiş lövhələrin bəzilərində Naxçıvan təbiəti, bir çoxunda isə yurdun uzaq-yaxın tarixini özündə yaşadan abidələr əks olunub...
Onlardan biri “Qədim Naxçıvanın bir guşəsi” (1934) adlanır. Buralara gəldiyi gündən şəhəri dolaşmaqdan usanmayan rəssamı, şəhərin keçmişi ilə bu gününü birləşdirən mənzərəsi dərhal özünə cəlb etmişdir. Elə bu üfüqi kompozisiyada köhnə evləri, darvazalı hasarı, günbəzli və minarəli məscidi məşhur Möminə xatın türbəsi ilə bir araya gətirən İ.Şeblıkin ümumi görüntünün cəlbediciliyinə nail olmuşdur. Ümumi koloritində payız havasının ilıq nəfəsi duyulan şəhər mənzərəsinin ümumi tutumu qədim torpağın indiki ürəkaçan görkəmindən fərqlənsə də, ümumi aurasında insan əli ilə ucaldılan bu tikililərdə tarixə bələnmiş təbiilik duyulmaqdadır. Şəhərin yerlə göy arasında tamaşaçıya təqdim olunan ümumi siluetində yeni dövr Naxçıvan memarlığının özünəməxsus xüsusiyyətlərini görmək mümkündür...
Rəssam Əcəmi yurdunda böyük memardan çox-çox sonralar inşa olunmuş şəhər küçələrində tamaşaçısını duyğulandıra biləcək guşələr tapmağa nail olmuşdur.
“Qədim Naxçıvan” (1934) lövhəsi belə əsərlərdəndir. Bu qrafik mənzərə monoxrom texnikasında işlənsə də, ağ və qara rəngin qovşağında təqdim olunan bu motivdə ürəkaçan bədii məqamlar kifayət qədərdir. Küçələrin kəsişməsinin cəlbediciliyinə çiy kərpicdən tikilən və özünəməxsus memarlığa malik olan – suvağı tökülməkdə olan bu “qocalmış” evlərin forma-biçimində estetik qaynaq tapan rəssam, artıq tarixin yaddaşına gömülmüş əski şəhər mənzərəsini gələcək nəsillərə həmişə xatırlanacaq bədii ərməğan kimi ötürə bilmişdir. Çox maraqlı rakursda təqdim olunan küçələrin və evlərin, eləcə də çiçəkləmiş ağacların və uçuşan quşların təsviri mənzərəyə lirik ovqat bəxş etməkdədir...
“Naxçıvan” (1934) lövhəsində də rəssam eyni texnikadan istifadə etmişdir. Şəhərin kənarındakı məhəllələrdən birini və Naxçıvan təbiətini bir araya gətirən müəllif qədim yurdun ümumiləşdirilmiş obrazını yaratmağa nail olmuşdur. Ön planda təsvir olunmuş yarıuçuq karvansaray divarları ilə motivdə dominant rolunu oynayan İlandağın möhtəşəm siluetinin qovşağı nə qədər təzadlı görünsə də, bütünlükdə, kompozisiyanın cəlbediciliyini şərtləndirmişdir. Ağ-qara cizgilərlə daşların fakturasında ifadə olunan əski ruh, payız libasına bürünmüş ağacların axıcı ritmi və əsərdə yaşanan bədii auranın ifadəsi yaddaqalandır...
İ.Şeblıkinin maraq dairəsi təkcə Naxçıvanla məhdudlaşmayıb. O, 1934-cü ildə Ordubada gedərək oranın da qədim abidələrinə tarixi-bədii görkəm vermişdir.
Onlardan biri zamanında bu yerlərdə çox məşhur olan “Pir Eyvaz” türbəsinə həsr olunub. XVI əsrdə Ordubadın cənubundakı qəbiristanlıqda Şərq üslubunda inşa olunmuş bu türbənin sovet dönəmində dağıdılmasını nəzərə alsaq, bu gün həmin əsər də tarixi əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, Orta əsrlərdə Pir Eyvaz kimi tanınan bu şəxsiyyət məşhur sufi şeyxlərindən olub. Dünyasını dəyişəndən sonra Ordubaddakı Bəktaşi xanəgahı yanında torpağa tapşırılmış və az sonra məzarının üzərində türbə inşa olunmuşdur. Sağlığında elin böyük rəğbətini qazanmış Pir Eyvazın məzarı tezliklə müqəddəs məkan kimi dəyərləndirildiyindən, yerli əhalidə onun ətrafında dəfn olunma ənənəsi yaranmış və bu yer tədricən böyük məzarlığa çevrilmişdir. Amma sovet ideoloqlarının bu məşhur ocağa münasibəti dəyişmiş və bir gecə daima ziyarətçilərin qələbəliyi duyulan bu tarixi-memarlıq abidəsi uçurulmuşdur...
İvan Şeblıkinin Ordubad ünvanlı daha iki rəsmində yurdumuzun qədim tarixinə xüsusi diqqət duyulmaqdadır. Onlardan biri “Ordubadın bir guşəsi” (1934) adlanır. Şəhərin köhnə hissəsini görüntüyə gətirən rəssam küçənin bir hissəsini təşkil edən müdafiə divarlarının və giriş qapılarının monumentallığından təzad yaratmaqla, əmələ gələn bu bədii qovşaqdan qaynaqlanan estetik dəyərləri qabartmağa çalışmışdır. Tuşla çəkilmiş rəsmdə işıq-kölgə təzadı, cizgi oynaqlığı və axıcı ritm ilə məkanın səciyyəvi xüsusiyyətləri ön plana gətirilmişdir.
Digər rəsmdə də şəhərdəki qədim küçələrdən biri görüntüyə gətirilib. “Ordubadda küçə” (1934) adlandırılan həmin əsərdə rusiyalı sənətkarın yüksək qrafika mədəniyyətinə şahidlik etmək mümkündür. Belə ki, dar küçənin hündür tikililərini qarşı-qarşıya qoyan və gün ərzində günəşə həsrət qalan bu məkanda özünəməxsus aura yaradan rəssam bu daimi kölgəliyi uzaqlaşdıqca gözəlliyini sərgiləyən küçənin və uzaqdakı zirvəsi qarlı dağın silueti ilə əlaqəli təqdim etməklə yaranan təzadın əsərin estetikasının gücləndirilməsinə nail olmuşdur...
Rəssamın Naxçıvana səfəri zamanı buradakı heç bir tarixi mahiyyətli abidə onun diqqətindən yayınmamışdır. Bu mənada onun Möminə xatın və Yusif Küseyr oğlu, eləcə də Qarabağlar türbələrinə bədii münasibətinin əhəmiyyətini xüsusi qeyd etmək istərdik.
Onun Əcəmi təxəyyülünün nəticəsi olan Möminə xatın türbəsinin də təsviri olan “Qədim Naxçıvan” (1935) lövhəsi bilavasitə naturadan işləndiyindən, gözümüz önündə bu qədim tikilinin keçən əsrin otuzuncu illərində qərarlaşdığı məkanın real mənzərəsi canlanmaqdadır. Türbənin yaxınlığında olan və tikiliyə rəmzi giriş rolunu oynayan unikal baştağın kompozisiyada yer alması da göstərir ki, ona laqeyd münasibət məhz sovet dönəmində baş vermişdir. Əsərin yaxınlıqdakı şəhər görüntüsü ilə uzaqdakı Ağrı dağın qovuşdurulmasından yaranan mənzərə kifayət qədər cəlbedici və yaddaqalandır...
İki il sonra Əcəminin yaratdığı ilk sənət incisi – Yusif Küseyr oğlunun türbəsini (ona el arasında “Atababa türbəsi” də deyirlər) sulu boya ilə çəkən rəssam indiyə qədər bu abidəyə göstərilməyən bədii münasibəti sərgiləyə bilmişdir. Belə ki, əvvəlki əsərində olduğu kimi, bu lövhəsində də məşhur memarlıq tikilisini qərarlaşdığı məhəllənin ümumi mənzərəsinin dominantı kimi təqdim etməklə son nəticədə Naxçıvanın XX əsrin ilk qərinəsində malik olduğu tarixi görkəmini cəlbedici bir tutumda bədiiləşdirə bilmişdir. Əsərlərində tez-tez uğurla işıq-kölgə təzadından istifadə etməklə ümumi təsvirin estetik tutumuna dinamika bəxş edən rəssam dar küçəni və məşhur tikilini günəşli havada təqdim etməklə, yerdə və divarlarda əks olunan kölgələrlə kompozisiyanın mərkəzi hissəsinin yaddaqalanlığını şərtləndirmişdir...
İ.Şeblıkinin “Naxçıvan” silsiləsində Qarabağlar türbəsinin də təsvirinə rast gəlməyimiz təbii hesab olunmalıdır. 1935-ci ildə çəkilmiş bu rəsmdə abidənin və onu əhatələyən məkanın mənzərəsinin ilkinliyini gördüyümüzdən, o, bütün mənalarda maraqlı görünür. Orta əsrlərdə inşa olunan bu məşhur abidənin möhtəşəmliyini daha qabarıq göstərmək istəyən rəssam, kompozisiya üçün şaquli format seçməklə, görüntünü kənar-cəlbedici təsvirlərdən təcrid etmiş və şaquli formanın hörgü-bəzəklərində rənglərdən istifadə etməklə, onun duyğulandırıcılığına nail olmuşdur...
İ.Şeblıkinin bu silsiləsində özündə Naxçıvan tarixini yaşadan digər əsərlər də mövcuddur. Bunların sırasında “Vənənd kəndində qoç abidələri” (1935), “Naxçıvanda XV əsr xanəgahı” (1935), “Siklopik abidə” (1935), “Naxçıvanda karvansaranın qalıqları” (1935), “Qazançı kəndi” (1936), “Qazançı kəndində körpü” (1937) və “Nuhun qəbri” (1930-cu illər) qrafik lövhələrinin adını çəkmək olar.
Sonda rəssamın tarixə bələnmiş rəsmlərində həm də Naxçıvanın bənzərsiz təbiətini bədiiləşdirdiyini də deməliyik. Memarlıq abidələrinin bir çoxunun təsvirində onları əhatələyən mənzərəni kompozisiyalara daxil etməklə o, rəsmlərin daha dolğun və yaddaqalan olmasına nail olmuşdur. Onun 1941-ci ildə yaratdığı iki əsərdə – “Naxçıvan mənzərəsi” və “Naxçıvanda kromlex” lövhələrində məkanın tarixiliyi ilə yanaşı, onun gözəlliyi də önə çəkilmişdir. Həmin mənzərələrdəki kromlexin qalıqları və Türkiyə ərazisində göyə yüksələn Ağrı dağının təsviri bütövlükdə çox cəlbedici və qürurdoğurucu görünür...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor