Oktyabrın 29-da Azərbaycan Milli Kitabxanasında İsi Məlikzadənin “Qatarda” hekayələr kitabının təqdimat mərasimi keçirildi. Kitab XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi İsi Məlikzadənin (1934-1995) 85 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə çap olunub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək İsi Məlikzadənin yaradıcılıq yoluna nəzər saldı. Qeyd etdi ki, İsi Məlikzadə Azərbaycan ədəbiyyatında məxsusi yeri olan yazıçılardandır: “Gənc nəsil onun özünəməxsus yaradıcılığından bu gün də faydalanır. Yazıçılar öz əsərləri ilə yaddaşlarda qalırlar. Bizim də vəzifəmiz belə dəyərli yazıçıları unutmamaq, onları daim xatırlamaq və yubileylərini qeyd etməkdir”.
AYB-nin sədri, Xalq yazıçısı Anar bildirdi ki, İsi Məlikzadə həyatla erkən vidalaşsa da, əsərləri uzun illər yaşayacaq: “Bu nəşrlə biz İsi Məlikzadəyə mənəvi borcumuzu, az da olsa, ödəməyə çalışdıq. Bundan sonra da onun əsərləri Yazıçılar Birliyinin dəstəyi ilə nəşr olunacaq”.
AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatları Tahir Rzayev, yazıçı-publisist Aqil Abbas və filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli çıxış edərək İsi Məlikzadənin yaradıcılıq məziyyətlərindən söz açdılar. Yeni nəşrin işıq üzü görməsində göstərdiyi köməyə görə Yazıçılar Birliyinə təşəkkürlərini bildirdilər.
İsi Məlikzadə 1934-cü ildə Ağcabədi rayonunda doğulub. “Ulduz”, “Azərbaycan” jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında (“Azərnəşr”), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnalında müxtəlif vəzifələrdə çalışıb. Yazıçının ssenariləri əsasında filmlər çəkilib, əsərləri tamaşaya qoyulub.
N.MƏMMƏDLİ