Hər dəfə Gəncə mədəni-ədəbi ictimai həyatından yazmaq istərkən böyük bir xəzinənin içərisində olduğumu görürəm. Bu xəzinə mənə mərhum valideynim, Xalq artisti Məhəmməd Burcəliyevdən miras qalıb.
Ömrünün 80 ilinin 65 ilini Gəncə mədəni-ədəbi ictimai həyatının inkişafına sərf etməklə yanaşı, həm də ətrafına mərd dostları da toplaya bilib. Onlarla bağlı xatirələrini dəfələrlə danışıb. Həmin söhbətlər zehnimə elə həkk olunub ki, hər dəfə onlar haqqında yazmaq istərkən bu xatirələrdən bəhrələnirəm. Bu yazıda ustad yazar Qərib Mehdidən söhbət açacağam...
Orta məktəbin altıncı sinfində oxuyurdum. Atam Məhəmməd Burcəliyev həftədə üç dəfə dərslərdən sonra məni Gəncədə fəaliyyət göstərən “Alimlər evi”nə aparırdı. Buraya Gəncənin ağsaqqalları, söz sahibləri, elm adamları toplanardı. “Alimlər evi”ndə bir “İlham” ədəbi birliyi də fəaliyyət göstərirdi. Atam ədəbi birliyin görüşlərində iştirak edər, müzakirələrdə fikirlərini bölüşərdi. Mən də uşaq düşüncələrimlə onları seyr edərdim. Qərib Mehdi ədəbi birliyə istedadlı və sözünü misralara köçürməyi bacaran gəncləri toplamaqla onları istiqamətləndirər, şeirlərinə düzəlişlər edərdi. Çox tələbkar idi. Hətta onun tənqidi fikirlərindən sarsılıb içində hıçqırtı ilə ağlayanlar da olurdu. Ancaq bu hissləri heç zaman ona bildirməzdilər.
Deyim ki, Qərib Mehdi burada şeirdən başqa heç kimin əlavə nəsə oxumasına icazə verməzdi. Ara-sıra hekayələrini oxumaq istəyənlər də olurdu. Bir müddət bu proseslərə alışdıqdan sonra birliyin toplantısına gələrkən özümdə cəsarət tapıb əlimi qaldırdım. Qərib Mehdi dərhal dilləndi:
- Nə istəyirsən, Anar bala?
- Qərib əmi, mən də Gəncə Dövlət Dram Teatrının tamaşası haqqında bir balaca yazı yazmışam. Olar Sizə oxuyum?
Qərib Mehdi müdrik təbəssümü ilə dedi:
- Yaxşı, oxu görək sən nə yazmısan?
Mən də öz yazımı burada oxudum. O, məni maraqla dinləyib məsləhətlərini verdi. Beləcə, ədəbi birliklə əməkdaşlığım genişləndi. Mən də bu Dədə Qərib Mehdi bulağından su içib, yetirmələrindən sayıldım.
Qərib Mehdi 50-ci illərin sonunda milli ədəbiyyatımıza qədəm qoyub. “İşıq”la, “Qərib, hey”lə, “Rast”la etiraf edilib və böyük oxucu kütləsini ətrafında toplaya bilib. Sonrada o, 60-cı illərin ədəbi mübarizəsinə qoşulub. O zamanlar çox çətin bir dövr idi. Sovet məkanında Stalin dönəmindən sonra bir çox nümayəndələri ideoloji düşmən olaraq xaricə qovulan dissident ədəbiyyatının mehi Gəncəyə də çatırdı. O illərdən söz düşərkən, Qərib Mehdi dalğın baxışlarla xatirələrini bir daha vərəqləyərək deyir: “SSRİ-də, o cümlədən Azərbaycanda “60-cılar”ın meydana gəlməsilə bu ədəbi meh, ədəbi küləyə çevrildi. Və daha sonra bu proses qarşısıalınmaz oldu. Bu hərəkata hərə bir cür ad verir. Mən də adlar içinə bir ad qoşdum: “Şübhə ədəbiyyatı”.
Qərib Mehdi bir gün də olsun doğma Gəncəmizdən ayrılmayıb. Xan çinarların kölgəsində ruhən dinclik tapıb və yazıb, yaradıb. Bir gün ona sual verdim ki, ustad, nə əcəb Bakı sizi özünə cəlb etməyib? Güldü və söylədi: “Bu barədə mənə çoxları suallar verib. Hər dəfə də eyni cavabı vermişəm. Məndə heç vaxt paytaxt cazibəsi olmayıb. Baxmayaraq ki, daha rəvan inkişaf üçün mərkəz, bəli, münbit şərait yaradırdı. Bununla belə, mərkəzəqaçma sevdası məndən də yan keçmədi. Yazılarım diqqət çəkəndən sonra təəssübkeşlərim məni də müxtəlif ünvanlara – “Gənclik” nəşriyyatına, televiziyaya və “Azərbaycan” jurnalına dəvət etdilər. Bu proses uçotdan çıxıb qatara bilet almağa qədər davam etdi. Son anda mərhum yazıçımız Altay Məmmədov məni bu fikirdən daşındırdı. Nə dərəcədə udub-uduzduğumu isə deyə bilmirəm”.
Bu illər ərzində bir-birindən maraqlı povestləri, çağdaş və retro hekayələri, esseləri ilə daima maraqlı fikir ünsiyyətində olan Qərib Mehdi heç zaman yaradıcılığında büdrəməyib, əksinə, yeni fikir və düşüncələrin formalaşmasında müstəsna xidmətlər göstərib. Belə olmasaydı “İşıq” (1967), “Yaralı mərmər” (1969), “Ucalan dağlar” (1971), “Rast” (1973), “Təmiz hava” (1980), “Səndən sonra” (1985), “Çinar günü” (1986), “Müsabiqə” (1988), “Qəhqəhə”(1993), “Xatırlanmaq xoşbəxtliyi” (2000) və başqa adda 46 maraqlı kitabı bu günə kimi işıq üzü görməzdi. Qərib Mehdi yaradıcılığının həm də xoşbəxtliyi orasındadır ki, o, hər zaman aktualdır, fikirlər toplusu dövrünün müasiridir.
Tənqidçi Gülrux Əlibəyli onun yaradıcılığı haqqında yazır: “Bədii etirafın ən kamil nümunəsi Qərib Mehdinin “Məni çağıran səs” povestidir. Azərbaycan ədəbiyyatında ana haqqında yüzlərlə gözəl, kamil povestlər, poemalar, romanlar yaranmışdır. Ana möcüzəsi isə ölməz və ümumbəşəri, mövzudur. Burada oxucunu təəccübləndirmək də sanki qeyri-mümkündür. Bununla belə, Qərib Mehdi təəccübləndirir də, heyrətləndirir də”.
Qərib Mehdi bu yüksəkliyə özü çatdı. Heç zaman həqiqəti söyləməkdən vaz keçmədi, bəziləri kimi qələm altında yatmadı. Hərdən söhbətlərində deyir: “İnsan sevəndə, yaradanda, kiməsə yaxşılıq edəndə yaşayır. Qələmim nadinc uşaq kimi dinc durmur. Elə bir ucdan yazıram. Döyüşə girən cəngavərin silahları cəsarətdən, atdan və qılıncdan ibarətdir. Mənim də silahlarım qələmim, mövzum və üslubumdur”.
Qələm əhli tanıyıram ki, qalaq-qalaq kitabları var. Hamısını o qədər toz basıb ki, heç imzaları belə oxunmur. Ancaq Qərib Mehdinin imzası ilə bir kitab görəndə ixtiyarsız olaraq əlinə götürürsən. Vərəqləyirsən, sanki yeni bir dünyaya düşürsən. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar onun əsərlərindən söz düşərkən maraqlı bir faktı önə çəkməklə deyir: “Siz əsərlərinizlə Allah, cəmiyyət və dünya qarşısındakı məsuliyyət hissinin dərinindən, əxlaqlı şəkildə qavranmasına yardımçı olmaq niyyətinizdə həmişə təmənnasız olmusunuz. Bir yazar olaraq, bir insan olaraq, sənətdaşlarınıza, xüsusən, ədəbi gəncliyə davamlı şəkildə diqqət və qayğı göstərmisiniz. Bu xidmətləriniz heç zaman unudulmayacaq”.
Qərib Mehdi hər zaman oxucuları ilə görüşə maraqlı bir üslubda, duyumda gəlməyi bacarır. Onun təqdimatında hər bir mövzu həyat həqiqətlərindən və ya gündəlik gördüyü hadisələrdən qaynaqlanır. Bir çox hekayələrində və esselərində onu tanıyan oxucusu bunu duya bilir.
Qərib Mehdi dramaturgiyada qələmini cəmi bircə dəfə sınayıb. Gəncə Dövlət Dram Teatrının səhnəsində onun qələmə aldığı “Oxşarlar” ikihissəli, altı şəkildən ibarət olan dram əsəri maraqla izlənilib. Əsərin ilk tamaşası 23 fevral 1989-cu ilə təsadüf edir. Quruluşçu rejissoru Məhəmməd Burcəliyev, rəssamı Telman Əliyev və musiqi tərtibatçısı Rafael Ziyadov olublar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, “Oxşarlar” pyesi də satirik çalarla işlənərək ekoloji problemlərə həsr olunub. Quruluşçu rejissor əsəri dramatik-yumoristik planda verməyə müvəffəq olub. Əslində, pyes komediya deyil, ancaq burada yumor çox güclüdür.
Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Məmməd Araz və Həsən bəy Zərdabi mükafatları laureatı Qərib Mehdi ömrünün 80-ci baharını yaşayır. Onun bu gün də parlaq yaradıcılıq şöləsinə uğurlar diləyir, sağlam həyat arzu edirəm.
Anar BURCƏLİYEV
teatrşünas