Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və digər qurumların dəstəyi ilə noyabrın 1-dən 15-dək ölkəmizdə ikinci “Fantaziya” mədəni irs festivalı keçirilir.
Festival çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) memarlıq irsinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ikinci dəfə reallaşan festivalın əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycanın zəngin mədəni irsi var. Mədəni irsi qorumaq üçün Azərbaycan və Avropa İttifaqı birgə platformadan çıxış edirlər: “İnanıram ki, biz bu əməkdaşlığı gələcək nəsillərə ötürə biləcəyik”.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros, “Europa Nostra” təşkilatının Belçikadan olan rəsmisi Piet Jaspaert də mədəni irsin qorunmasının önəmindən bəhs ediblər. Vurğulanıb ki, mədəni irs sosial, iqtisadi və ətraf mühit məsələləri ilə sıx bağlıdır.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədr müavini Elçin Əliyev “Bakı. 1920-1930-cu illərin arxitekturası” mövzusunda çıxış edib. Tədbirdə həmçinin E.Əliyevin bu mövzuda kitabı təqdim edilib.
Konfransda həm də İspaniyadan və İtaliyadan olan ekspertlər təqdimatla çıxış ediblər.
“Fantaziya” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə ictimaiyyətin məlumatlılığının artırılmasıdır. Festivalın tədbirləri Bakı ilə yanaşı, Gəncədə və Qəbələdə (Nic kəndi) keçirilir.