Azərbaycan Milli Kitabxanası görkəmli dilçi və ədəbiyyatşünas alim, akademik, Milli Məclisin deputatı Nizami Cəfərovun 60 illiyi münasibətilə biblioqrafiya kitabı və elektron məlumat bazası hazırlayıb. Noyabrın 1-də kitab və elektron toplunun təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov diqqətə çatdırdı ki, biblioqrafiya “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından işıq üzü görüb. Bildirdi ki, akademik Nizami Cəfərov həm dilçilik elmimizin, həm də ədəbiyyatşünaslıq və ədəbi tənqidin görkəmli nümayəndəsidir: “Nizami Cəfərov hansı işlə məşğul olursa, o işə öz ürəyini qoyur. Buna görə də fəaliyyət göstərdiyi bütün sahələrdə böyük uğurlara imza atır”.
Təqdimatda çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd etdi ki, Milli Kitabxanada biblioqrafiya tipli kitabların nəşr olunması artıq ənənə halını alıb: “Bu gün Nizami Cəfərovun 60 illik yubileyi münasibətilə görkəmli alimə həsr olunan biblioqrafiyanın təqdimatı gerçəkləşir. Nizami Cəfərovun yaradıcılığı o qədər çox şaxəlidir ki, bu zəngin irs artıq kitablara sığmır. Bundan sonra da Milli Kitabxana ilə birgə alimin kitabları nəşr olunacaq”.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar bildirdi ki, Nizami Cəfərovun araşdırmaları hər cəhətdən maraq doğurur: “Onun araşdırmalarının üç cəhətini xüsusi vurğulamaq istəyirəm. Elmi fəaliyyətinə dilçi kimi başlayıb və sırf ədəbiyyatşünaslıq tədqiqatlarında dilçilikdən gələn təcrübəni sözə, dilə önəm verilməsini qoruyub saxlayıb. Onun tədqiqatlarının digər özəlliyi Azərbaycan, Türkiyə, rus və dünya filologiyasının çağdaş səviyyəsinə və tələblərinə yaxından bələd olması və onlardan üzvi şəkildə bəhrələnməsidir. Nəhayət, üçüncü, bəlkə də ən vacib cəhəti Azərbaycan ədəbiyyatına ümumtürk kontekstindən yanaşmasıdır. Çox şadam ki, yeni yazılan ədəbiyyat tariximizdə də bu tendensiya müəyyən dərəcədə öz əksini tapıb”.
Tədbirdə daha sonra AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, ədəbiyyatşünas, professor Rüstəm Kamal, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Xalq şairi Nəriman Həsənzadə çıxış etdilər. Çıxışçılar Nizami Cəfərovu yubileyi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladılar.
Akademik Nizami Cəfərov çıxış edərək ona göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirdi.
NURƏDDİN