Professor İbrahim Topçubaşovun 95 illiyinə
İbrahim Mustafa oğlu Topçubaşov 1924-cü il noyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1946-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1950-ci ildə klinik ordinaturanı bitirərək 1950-1953-cü illərdə Quba Rayon Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Qəlbi doğma xalqına xidmət etmək arzusu ilə döyünən İ.M.Topçubaşov bu müddətdə həkimlik vəzifəsini şərəflə yerinə yetirməkdən əlavə, rayonun ictimai həyatında da fəal iştirak etmişdir.
Hələ tələbəlik illərindən elmi işə böyük maraq göstərən professor İ.M.Topçubaşov 1951-ci ildə “Analgezin keyitməsi zamanı xəstələrin sinir-psixi duyğuları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1953-1958-ci illərdə isə Maştağa qəsəbə xəstəxanasının cərrahiyyə şöbəsində müdir vəzifəsində işləmişdir.
İ.M.Topçubaşov 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasına dosent seçilmiş və 1963-cü ilədək bu vəzifədə çalışmışdır. O, 1961-ci ildə “Mədəaltı vəzi və fater məməciyinin xərçəngi” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, 1963-cü ildə fakültə cərrahlığı kafedrasının professoru seçilmişdir.
Prof. İ.M.Topçubaşov geniş dünyagörüşünə, müstəsna istedada və dərin zəkaya malik idi. O, gərgin əməyi və böyük işgüzarlığı ilə hamını valeh edirdi. Məhz bunun nəticələridir ki, İ.M.Topçubaşov cərrahlığın müxtəlif sahələrində (abdominal və torakal cərrahlıqda, neyrocərrahlıqda, urologiyada) eyni qüvvə ilə müvəffəqiyyətlə işləyirdi.
Görkəmli cərrah İ.Topçubaşov eyni zamanda respublikanın həvəskar bəstəkarlarından biri idi. Onun bəstələdiyi “Süfrə”, “İntizar”, “Anacan”, “Görüş”, “Hamıdan göyçək”, “Mən həmişə səninləyəm”, “Qubalı qız”, “Söz olmasaydı”, “Ərəb qızına”, “Karvan”, “Xəzərim” və s. mahnıları bu gün də müğənnilərimizin repertuarını bəzəyir, radio və televiziyada tez-tez səslənir.
Musiqinin cərrahiyyədə tətbiqi İbrahim Topçubaşovu daim düşündürən problem idi. Təbabət tarixində I Dünya müharibəsinə qədər ilk dəfə Bexterev musiqinin müxtəlif xəstəliklərə təsiri məsələlərini öyrənmişdir.
Musiqinin cərrahiyyə otağında (Keyn (1914), Kirşner (1931), Çikaqo Universitet klinikası (1948-1954-cü illər) tətbiq olunması İbrahim Topçubaşovda musiqinin cərrahiyyədə tətbiqi ideyasını yaradır. Əməliyyata qədərki dövrdə qorxu və həyəcan hissini, yuxusuzluğu, ümumi narahatlığı musiqi vasitəsilə aradan götürməklə, əməliyyatdan sonrakı dövrün qənaətbəxş keçməsinə nail olunur.
Əməliyyat otağına musiqini translyasiya edərkən xəstənin musiqi zövqünün nəzərə alınması, musiqini eşitmə diapazonu, elektroensefaloqrafiya, elektrokardioqrafiya, hemodinamiki göstəricilər, tənəffüs tezliyi və s. öyrənilmişdir.
1965-ci ilin may ayında cərrahların Moskvada keçirilən ümumittifaq qurultayında İbrahim Topçubaşov “Təbabət və musiqi” mövzusunda çıxış etmişdir. Onun mahnıları Azərbaycanda, hətta bir sıra xarici ölkələrdə müəllifinə şöhrət qazandırmışdır. İ.Topçubaşov 1968-ci ildə Türkiyədə olarkən onun “Dağlarda duman gözəldi” mahnısı Nesrin Sipahı tərəfindən ifa olunmuş və müğənni həmin mahnını İranda yazılmış bir valdan götürdüyünü qeyd etmişdir.
İbrahim Topçubaşova görə, təbabətlə musiqi arasında getdikcə yaxınlıq daha da artır. Müsbət musiqi emosiyası qorxaqlığı, kədəri, kinliliyi dəf edir, insana həyat eşqi, yaşamaq həvəsi verir. İbrahim Topçubaşovun musiqi əsərləri Tehranda, İstanbulda, Qahirədə və s. şəhərlərdə lentə, vala köçürülərək əbədiləşdirilmişdir.
İbrahim Topçubaşov 140 elmi əsərin, dörd monoqrafiyanın, 4 səmərələşdirici təklifin və ixtiranın, 16000-ə qədər kiçik və böyük həcmli cərrahi əməliyyatın müəllifi olmuşdur.
Moskva, Leninqrad (Sankt-Peterburq), Bratislava, Praqa, Tokio, Roma, Budapeşt, Buxarest, İstanbul və Ankarada, eləcə də Avstriyada, Bolqarıstanda və digər ölkələrdə Azərbaycan və keçmiş SSRİ cərrahlığını dəfələrlə ləyaqətlə təmsil etmişdir. Onun 1968-ci ildə Türkiyə Səhiyyə Nazirliyinin, Ankara Tibb Universitetinin və Türkiyə Onkoloji Cəmiyyətinin dəvəti ilə səfəri xüsusilə yaddaqalan olmuşdur.
İ.Topçubaşov Ankara, İstanbul, İzmir universitetlərində bir ay ərzində 10 mühazirə oxumalı idi; lakin sovet səfirliyindən onun səfər müddətinin 15 gün uzadılması xahiş olunmuşdur. Türkiyə Onkoloji Cəmiyyətinin “Kanser haberleri” jurnalının 1968-ci il noyabr nömrəsi bütünlüklə onun Türkiyədə olduğu 45 günlük fəaliyyətinə həsr olunmuşdur. Türkiyədə oxuduğu 24 mühazirənin qonorarını həmin universitetlərin cərrahiyyə klinikalarının hesabına köçürmüşdü. İ.Topçubaşov Türkiyədə olduğu müddətdə Məcid bəy Doğru, Mühiddin Ülkər, İzzət Kantemir ilə 1966-cı ildə Tokioda keçirilən XII Ümumdünya onkoloqlar konqresində əsası qoyulan dostluq əlaqələrini bir daha möhkəmlətdi, İhsan Doğramacı ilə dostluq əlaqələri yaratdı.
İtaliya vətəndaşlarına təmənnasız tibbi yardım göstərdiyinə görə İtaliya hökuməti İ.Topçubaşovu ölkənin ən yüksək mükafatlarından biri sayılan “Haribaldi qızıl medalı” ilə təltif etmişdir. İtaliya Cərrahiyyə Cəmiyyətində “Qoca adamlarda cərrahi əməliyyat zamanı risk”, Florensiya Universitetində “Öddaşı xəstəliyi və şəkərli diabet”, Sofiya Universitetində “Xərçəngin əmələ gəlməsində radioaktiv şüaların rolu” mövzularında mühazirələr oxumuşdur.
Professor İbrahim Topçubaşov Azərbaycan Cərrahlar Cəmiyyəti İdarə heyətinin üzvü, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası Rəyasət heyətinin üzvü, cərrahlıq üzrə problem komissiyasının sədri, “Eksperimental cərrahiyyə və anesteziologiya” jurnalının redaksiya şurasının üzvü, Heronto-cərrahiyyə laboratoriyasının rəhbəri idi. O, həmçinin N.Piroqov adına Leninqrad, Vişnevski adına Moskva cərrahiyyə cəmiyyətlərinin üzvü, Rumıniya və Bolqarıstan cərrahiyyə cəmiyyətlərinin, Yan-Purkinye adına Çexoslovakiya Tibb Cəmiyyətinin, Türkiyə Onkoloji Cəmiyyətinin fəxri üzvü idi.
Görkəmli cərrah İbrahim Topçubaşov məhsuldar yaradıcılığının coşqun vaxtında – 23 fevral 1970-ci ildə vəfat etmişdir. O, 45 il 3 ay 29 gün mənalı bir ömür yaşadı.
İbrahim Topçubaşovun parlaq, unudulmaz xatirəsi onu tanıyanların, tibb ictimaiyyətinin, tələbələrinin xatirəsində əbədi yaşayacaq.
Fariz CAMALOV
ATU-nun III cərrahi xəstəliklər kafedrasının müdiri, professor
Şəfa ƏLİYEV
ATU-nun III cərrahi xəstəliklər kafedrasının dosenti, akademik M.A.Topçubaşovun xatirə muzeyinin rəhbəri