Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılacaq.
Sərgi Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsinə həsr olunub.
Sərgidə rəssamın ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərləri təqdim olunacaq. İştirakçılar ekspozisiyada Çingiz Fərzəliyevin elmi tədqiqat fəaliyyəti ilə də tanış olacaqlar. Professor Çingiz Fərzəliyev XX əsr Azərbaycan təsviri incəsənətinin 45 görkəmli nümayəndəsinə həsr edilmiş 36 kitabdan ibarət “Sərvət” fundamental silsiləsi ilə incəsənətimizə dəyərli töhfələr verib.