Tbilisidə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmidt!” tammetrajlı tragikomediya filminin təqdimatı olub.
Noyabrın 2-də keçirilən təqdimatda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Parlamentinin deputatları Savalan Mirzəyev, Gerogi Mosidze, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. Filmin əsas qəhrəmanı, Göygöl rayonunda anadan olmuş alman əsilli Emil Şmidt dəfələrlə Almaniyanın Bakıdakı səfirliyinə müraciət edərək Almaniyaya getmək istəyir. Lakin onun bütün cəhdləri boşa çıxır və o yenidən doğma Vətənə qayıtmalı olur.
Filmin ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.
Baş rolu Azər Aydəmir oynayıb. Filmdə xalq artistləri Rasim Balayev, Qurban İsmayılov, Rafiq Əliyev, Əməkdar artist Rasim Cəfər, gürcü aktrisa Mariam Kitia, Əlixan Rəcəbov, Günel Məmmədova çəkiliblər.
Film maraqla qarşılanıb. Sonra səfir Dursun Həsənov aktyorlarla görüşüb, onlara yaradıcılıq uğurları arzulayıb.