Noyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Xocavənd rayonunun memarlıq abidələri” sənədli filminin təqdimatı keçirilib.
Film Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində reallaşıb.
İctimai birliyin sədri, filmin ssenari müəllifi Faiq İsmayılov bildirib ki, layihənin məqsədi ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində tarix və mədəniyyət abidələrinə qarşı vandalizmi dünya ictimaiyyətinə çatdırmaqdır. F.İsmayılov təkcə Tuğ kəndində 50-yə yaxın qədim tikilinin olduğunu söyləyib. Bildirib ki, ermənilər Azıx mağarasında arxeoloji qazıntılar aparıb və buradakı nümunələri Fransada “Avropanın ilk sakinləri” sərgisində nümayiş etdirərək özlərinin qədim xalq olduğunu sübut etməyə çalışırlar: “Biz belə filmlərlə onların işğalçılığını və yalanını dünyaya tanıtmalıyıq”.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Etibar Axundov belə layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.
Digər çıxış edənlər belə filmlərin tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini qeyd ediblər.