Azərbaycan haqlı olaraq öz mədəniyyəti ilə fəxr edir. Ona şöhrət gətirən mədəniyyət nümunələrindən biri də milli rəqslərdir.
1959-cu ildə Tibb Universitetində yaradılan “Çinar” qızlar ansamblı milli mədəniyyətimizi yeni rəqs nömrələri ilə zənginləşdirib. Həmin ansambl yüksək mədəniyyətə, fitri istedada, bənzərsiz sənətkarlıq qabiliyyətinə malik Əminə Dilbazinin rəhbərliyi ilə yaradılıb. Məşhur rəqqasə ömrünün 47 ilini bu ansambla həsr edib. “Çinar” bu illər ərzində dünyanın müxtəlif ölkələrini dolaşıb, məşhur səhnələrdə çıxış edib. Ansambl bu gün də ustad sənətkarın qoyduğu ənənələri davam etdirir.
Bu sözləri noyabrın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Çinar” rəqs ansamblının 60 illiyinə həsr olunmuş gecədə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.
O qeyd edib ki, 60 il ərzində universitetin mindən artıq tələbəsi bu ansamblın üzvü olub. Onlar həkimliklə yanaşı, rəqs sənətinin incəliklərini də dərindən öyrəniblər.
Ölkəmizin ilk qızlar ansamblı olan “Çinar”ın tarixi və keçdiyi yoldan bəhs edən süjet nümayiş olunub.
Yubiley gecəsində ayrı-ayrı vaxtlarda universitetdə fəaliyyət göstərən “Eskulap”, “Eksperiment”, “Alov” qruplarının, eləcə də hazırda onların ənənəsini davam etdirən “Şəfa” xalq çalğı alətləri ansamblının çıxışları xoş təsir bağışlayıb.
Universitet tələbələrinin ifasında muğam, xalq mahnıları, vokal və estrada musiqisi nömrələri səslənib.
...Durna qatarı kimi bir-birinin ardınca düzülən qızlar səhnədə qanad açıb süzür, dövrə vurur, halay qurur. “Çinar”ın ifasında rəngarəng rəqs nömrələri bir-birini əvəz edir: “Dəsmalı”, “Dağlar gözəli”, “Yallı”, “Naxçıvan yallısı”...