Hansısa şeirin misrasına oxşasa da, bu şeir hələ yazılmayıb. Bəlkə də yazılıb, amma hələ dərc olunmayıb. Bəlkə də Çingiz müəllimin bu sərgisi, əslində sənət və elm adamının sərgi olaraq təqdim edilən “Zamanın pillələri ilə” adlı sənət hesabatı ilə tanış olan bir şair yazacağı şeirdə bu sayaq misra işlədərdi...  

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılığının 50 illiyi və Azərbaycan Respublikasının Prezidenti  tərəfindən milli təsviri sənətimizin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə fərdi sərgisi açıldı. Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun fəxri professoru, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru Çingiz Fərzəliyev həm də sərginin təşkil olunduğu sənət məkanının – Azərbaycan Milli İncəsənət Muzeyinin direktorudur.

Yarım əsrdən bəri həm rəssam, həm də sənətşünas kimi zəngin yaradıcılıq yolu keçmiş bir insanın sərgisinin açılışına mədəniyyət və incəsənət xadimləri, sənətsevərlərlə bərabər  ölkəmizdəki diplomatik korpusun təmsilçiləri də təşrif buyurmuşdu.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək Çingiz Fərzəliyevin rəssamlıq, sənətşünaslıq fəaliyyətindən danışdı. Çingiz Fərzəliyevin bir rəssam kimi nəinki Azərbaycanda, həm də ölkəmizdən uzaqlarda tanındığını, hörmət qazandığını söyləyən yaradıcılıq qurumunun rəhbəri onun Milli İncəsənət Muzeyinin direktoru kimi uğurlu çalışmalarından, muzeyin dünya səviyyəli sənət ocaqları sırasında tanınmasında rolundan da bəhs etdi. Eyni zamanda vurğuladı ki, rəssam ictimai işlərlə nə qədər məşğul olsa da, onun həyatı emalatxanasındadır. Bu gün biz Çingiz Fərzəliyevin yaradıcı həyatı ilə tanış olacağıq.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bugünkü sərginin çoxdan gözlənildiyini diqqətə çatdırdı. Bildirdi ki, ötən il Çingiz Fərzəliyevin yubileyi ərəfəsində Prezident İlham Əliyev onun zəhmətini yüksək qiymətləndirərək “Şöhrət” ordeni ilə təltif edib. O, bir rəssam kimi ölkəmiz üçün xeyli işlər görüb. Heç təsadüfi deyil ki, o, indiyədək bir çox ölkələrin nüfuzlu orden və mükafatlarına layiq görülüb: “Onun yaradıcılıq yenilikləri bizim hamımızın diqqət mərkəzində idi. Bu gün biz çoxdan gözlənilən sərginin açılışındayıq. Çingiz müəllim öz yaradıcılığını səfərbər edərək, ölkə başçısının qiymətini yüksək dəyərləndirərək bu sərgini təşkil etdi. Əminəm ki, o, bundan sonra da öz yaradıcılığına davam edəcək”.

Tədbirdə daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Gürcüstanın keçmiş Mədəniyyət naziri, “Azərbaycan-Gürcüstan” Assosiasiyasının prezidenti Valeri Asatiani Çingiz Fərzəliyevin yaradıcılığı haqqında xoş sözlər dedilər.

V.Asatiani Çingiz müəllimi əsl nurlu insan, ziyalı hesab etdiyini söyləyib onun Gürcüstanın “Ziya” ordeninin kavaleri olduğunu da xatırladaraq dedi ki, şöhrətin zirvəsinə çatmış “Şöhrət” ordenli insan həm  də öz yaradıcılığı, fəaliyyəti ilə işıq saçdığına görə ona “Ziya” ordeni də çox yaraşır.

İnsan haqqında ən yaxşı sözü, ən dürüst fikri onun qonşusu söyləyər deyiblər.  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli öz çıxışında hər kəsin yaradıcı insan, bacarıqlı təşkilatçı, yorulmaz tədqiqatçı kimi tanıdığı Çingiz müəllimi gözəl insan, mehriban qonşu kimi dəyərləndirdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov sərgini Çingiz Fərzəliyevin öz dostlarına, sənətsevərlərə bəxş etdiyi bayram kimi səciyyələndirdi. Onun XX əsr Azərbaycan təsviri sənətinin 45 görkəmli nümayəndəsinə həsr etdiyi 36 kitabdan ibarət “Sərvət” silsiləsini yüksək dəyərləndirən R.Hüseynov mədəni irsin, yaradıcı insanların Azərbaycanının ən böyük sərvəti olduğunu, bu “Sərvət”i mədəniyyətimizə bəxş edən müəllifin özünü də yaradıcı insan və mədəniyyət qurucusu kimi sərvət hesab etdiyini söylədi.

Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar incəsənət xadimi Rafiq Kərimov Çingiz müəllimə həsr etdiyi şeirini oxudu.

Sonda XX əsr Azərbaycan təsviri incəsənətinə həsr edilmiş “Sərvət” fundamental silsiləsinin, “Azərbaycan rəngkarlığının antologiyası”, “Azərbaycan xalq sənəti”, “Natürmort”, “Mənzərə”, “Portret” və digər fundamental əsərlərin müəllifi Çingiz Fərzəliyev çıxış edərək yaradıcılığına verilən qiymətə və Azərbaycan Milli İncəsənət Muzeyinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

Çıxışlardan sonra qonaqlar “Zamanın pillələri ilə” sərgisi ilə tanış oldular. Sərgidə rəssamın ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərləri təqdim edilir. Beş salona sığışdırılmış əlliillik yaradıcılıq dövründə müxtəlif üslub və janrlarda çəkilmiş rəsmlər yer alıb. Rəssamın istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çəkdiyi mənzərələri birləşdirən bir məqamı da vurğulamaq istərdik: əsasən səhər saatlarında kətana köçürülmüş mənzərələrdə işığın, ruhu təzələyən saf rənglərin bolluğu diqqəti cəlb edir.

Sərgi noyabrın 19-dək davam edəcək.

G.MİRMƏMMƏD