21 ölkədən ekran əsərləri “Qızıl nar” mükafatı uğrunda yarışır

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirildi.

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır. Artıq 10-cu ildir ki, təşkil edilən festival ilk illərdə “Start” (gənclərin film festivalı) adı ilə tanınıb. Son illərdə isə festivalın çərçivəsi daha da genişlənib və beynəlxalq səviyyəli layihəyə çevrilib.

Mərasimi festivalın direktoru Fehruz Şamıyev açaraq təşkilatçılara təşəkkürünü bildirdi. O, festivala marağın ildən-ilə artdığını və bunun qürurverici olduğunu qeyd edərək diqqətə çatdırdı ki, ötən illər ərzində 50-yə yaxın ölkədən film qəbul edən festival neçə-neçə gənc müəllif üçün yaradıcılıqda uğurun başlanğıcı olub.

Diqqətə çatdırıldı ki, bu ildən layihə Bakı Beynəlxalq Qısa Filmlər Festivalı adı ilə fəaliyyət göstərəcək: “Düşündük ki, artıq miqyası genişlənən kinoforum paytaxtımızın adını daşımağa layiqdir”.

Bu il festivalın müsabiqə proqramına 21 ölkədən 48 film daxil edilib. Beynəlxalq müsabiqədə 29, yerli müsabiqədə 19 film festivalın “Qızıl nar” mükafatı uğrunda mübarizə aparacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək festivalın məsuliyyətli bir iş olduğunu söylədi. Bildirdi ki, festival gənc rejissorların öz fikir və təcrübələrini bölüşmək üçün yaxşı bir platformadır: “Tanınmış kino adamı Jan Kusto festivalların keçirilməsini diplomatiya hesab edir. Bu gün Bakıda təşkil edilən qısa filmlər festivalı da kino sahəsində növbəti beynəlxalq uğurdur. Festivalın işinə uğurlar arzu edərək gənclərin bu görüş və müzakirələrdən müsbət bəhrələnəcəyinə inanıram”.

Sonra festivalın beynəlxalq münsiflər heyətinin üzvlərindən tanınmış kino və teatr rejissoru, ssenarist İlqar Safat (Azərbaycan), 65-ci Kann Film Festivalının “Qızıl palma” mükafatçısı, kinorejissor Rezan Yaşılbaş (Türkiyə), bir çox festivallarda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) çıxış etdilər.

Onlar festivalın əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzuladılar. Bildirildi ki, festivalda qalib seçilən filmlər “YouTube” və digər platformalarda təqdim ediləcək.

Mərasimdə diqqətə çatdırıldı ki, festival 35 yaşadək rejissorların qısametrajlı filmlərinin (maksimum 35 dəqiqə) müsabiqəsini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, ustad dərslərindən ibarətdir. Mükafat uğrunda yarışan filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirirlər. Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.

Festivalın yerli müsabiqəsinin münsifləri – Xalq artisti, aktyor, rejissor Vidadi Həsənov, Əməkdar artist Gülzar Qurbanova, DokuBaku Sənədli Film Festivalının direktoru İmam Həsənov çıxış edərək bildirdilər ki, ölkəmizdə təşkil edilən istənilən festival yaradıcı insanlar üçün önəm kəsb edir. Bu festivallar kinomuzun inkişafına təsir göstərir. Festivallar həm də cəmiyyətdə kinoya baxma mədəniyyəti və kino zövqü formalaşdırır.

Mərasimin sonunda festivalın açılış filmləri nümayiş olundu. Azərbaycanlı rejissor Amil Məmiyevin “Son seçim”, belçikalı rejissor Marin Ceykobun “Bu gün yox” və iranlı rejissor Behnam Əsədullahinin “Qarğanın ağır kölgəsi” filmləri maraqla qarşılandı.

Festival çərçivəsində CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının regional layihəsi də həyata keçiriləcək. Layihə çərçivəsində Norveç, Danimarka, Hollandiya, Gürcüstan kino mütəxəssislərinin ustad dərsləri keçiriləcək, sənədli filmləri nümayiş olunacaq.

Festivalın beynəlxalq müsabiqəsində ekran işləri “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru”, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya filmi rejissoru” və “Münsiflər heyətinin xüsusi mükafatı” nominasiyaları üzrə yarışacaq. Yerli müsabiqə iştirakçıları isə bu nominasiyalardan əlavə, həm də “Ən yaxşı sosial çarx” nominasiyası üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, festivalın filmləri noyabrın 9-dək saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Giriş sərbəstdir.

Lalə AZƏRİ