101 yaşlı “…bir daha enməz”imiz haqda 30 abzaslıq statistik-publisistik reportaj

Bu “30 abzas” müstəqil yaşam illərimizin sayına (1918-20, 1991-2019) müqəyyəd və müqəddəs bir işarət!

Babalarımızın dilindən qopan “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir!”, “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!” kimi kəlamlar isə Böyük Azərbaycanımızın Quzeyini məlum imperiyadan azad edə bilmiş bu millətə bəlli “20 faiz” üçün də qeyrət ismarışları!...

1918, 9 Noyabr. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökuməti üçrəngli bayrağın dövlətçiliyin əsas rəmzi kimi təsdiq olunması haqqında qərar verir.

Hökumətin həmin tarixi qərarından: “Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqda məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

Bu bayrağın müəllifi həmin Cümhuriyyətin əsas ideoloqlarından biri – Əli bəy Hüseynzadə!...

Dekabrın 7-də Parlament binası fasadına qaldırılan bu Bayraq haqda danışan Məhəmməd Əmin Rəsulzadə: “Bu üç rəng Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsidir”.

Artıq ilk ümumşərqi opera və dünya çaplı operettalar müəllifi kimi tanınan Üzeyir Hacıbəyli: “Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa, al rəngi mədəniyyətə işarə olan bayrağımızın məna-mənəviyyəsi budur” (sonralar böyük Z.Göyalp bunu “Türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli” kimi ifadə edəcək).

Müstəqil dövlət və hökumətimiz bu Bayraq altında misilsiz gərginliklə çalışıb-çarpışmada, xarici ölkələrdə səfirlik-elçiliklər açmada, çarizmin “ucqarlar”, “məzlum xalqlar” və digər siyasi doktrinalarının nəticəsi olan problemləri aradan qaldırmada…

 

Vaxt, Zaman isə –

 

sürətlə ötmədə, yeni siyasi sifarişlər vermədə...

1920-də “böyük qardaş” bolşeviklərinin “atalıq” qayğısı, “kiçik qardaş” daşnaklarının kattalıq əməlləri və… yerli lakeylərimizin “oğulluq” sayğıları sayəsində, “28 May” qurum-durumlu Cümhuriyyətimiz devrilir. Yerində – onu düz (və məhz!) bir ay önə (“qabaqdangəlmişliyə!”) keçən “28 Aprel” qırım-durumlu Sovet hakimiyyəti qurulur.  

Azərbaycan öz dövlət atributlarını Sovet Rusiyası atributları ilə uyğunlaşdırmaq məcburiyyətində qalır.

1921-in mayında RSFSR Konstitusiyasına uyğunlaşdırılmış ilk Sovet Azərbaycanı Konstitusiyasında dövlət bayrağının sol küncündə “AİŞC” (Azərbaycan İctimai Şuralar Cümhuriyyəti) yazısı yerləşdirilir.

1922, 30 dekabr. Azərbaycan “SSRİ” deyilən tərkibə daxil olur (müstəqilliyini de-fakto itirir). Azərbaycan SSR MİK-i yeni latın qrafikalı əlifbanın ərəb əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul edir və bayrağın təsvirində “ASSR” abreviaturası həm latın, həm ərəb əlifbası ilə verilir.

Azərbaycan SSR Sovetlər Qurultayının 1925-ci il 14 mart tarixli təsdiqi ilə Konstitusiyanın yeni redaksiyasında dövlət bayrağımız belə təsvir edilir: “AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir”. 

1930-cu ildən Azərbaycan SSR-in bayrağı üzərində “ASSR” abreviaturası yalnız latın əlifbası ilə verilir.  

1937-ci il Konstitusiyasının 152-ci maddəsində isə belə ifadə edilir: “...dövlət bayrağı, sol bucağı yuxarısında oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində “Az SSR” sözləri yazılmış qırmızı qumaşdan ibarətdir”.

30 ildə “həftə səkkiz, mən doqquz” tempi ilə dəyiş-düyüşləşdirilmiş Azərbaycan SSR dövlət (!) bayrağı”mız”ın 1952-dən müstəqilliyimizin bərpasınadək (1991) olan –

 

Hal-əhvalı:

 

1939-cu il iyulun 11-də qəbul edilmiş “Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına (“kiril”ə də yox a!) keçməsi” haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq, Azərbaycan SSR Dövlət bayrağı üzərində “Az. SSR” abreviaturası yeni əlifba ilə təsvir edilir.

1956-cı ildə “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamə”silə oraq-çəkicli bayraq yaradılır. 

(Daha bir çox siyasi həngamələrdən sonra) 1956-cı il mayın 28-də Cahid Hilaloğlu ad-soyadlı bir soydaşımız AXC-nin yaranış günü münasibətilə Qız qalası zirvəsinə Cümhuriyyət bayrağını sancır (onun bir neçə ay sonra “palto oğurluğu”nda suçlanaraq 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılması, M.Ə.Rəsulzadənin mühacirətdə hazırladığı, immiqrant təşkilatların, Azərbaycan legionu üzvlərinin tapındığı Cümhuriyyət bayrağımız haqda geniş danışmaq imkanı yox)...

 

Nəhayət –

 

1980-ci illər sonu AXC bayrağı milli Azadlıq hərəkatının kütləvi tədbirlərində görsənməyə başlayır.

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sədri  Heydər Əliyevin rəhbərliyilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi təsdiq edilir.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qanun ilə Dövlət bayrağı elan edilir. 

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilir...

Nəhayət, bu baş atributumuzun –

 

Bugünü

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı (17 noyabr, 2007) ilə Bakıda Dövlət Bayrağı Meydanının təməli qoyulur.

Ölkə başçısının 2009-cu il 17 noyabrda imzaladığı sərəncamla isə 9 noyabr Dövlət Bayrağı Günü elan edilir...

Tahir ABBASLI