Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi könüllülük fəaliyyətinin sahəsini genişləndirir.

Noyabrın 13-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, müəssisələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə zəngin təcrübəyə malik böyük bir hərəkata çevrilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək milli maraqlar naminə universitet tələbələrinin və digər fəal gənclərin də gələcəkdə könüllülük hərəkatına qoşulacağına əminliyini ifadə edib.

Qeyd edək ki, indiyədək mədəniyyət könüllüləri sırasına Lənkəran, Gəncə dövlət universitetləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Mədəniyyət və İncəsənət Universiteti və Bakı Humanitar Kollecinin tələbələri də qoşulub.