Xəbər verdiyimiz kimi, Özbəkistanın Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilib. Mədəniyyət və ədəbiyyat günləri çərçivəsində qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir təşkil olunub.
Tədbirdə Azərbaycanla bağlı fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlərin sərgisi nümayiş etdirilib.
Xarəzm vilayət hakiminin müavini Timurbek Davletov, ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı, şair Sona Vəliyeva tədbirdə çıxış edərək Özbəkistanla Azərbaycan arasında dostluq münasibətlərindən danışıblar.
Sonra AMM-in hazırladığı bədii proqram təqdim olunub. Tələbələr “Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli geyimləri nümayiş etdirib. Əməkdar artistlər Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycan xalq mahnı və muğamlarını ifa ediblər. Xanəndələri tarda Əməkdar artist, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib.
***
Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində daha bir tədbir Urgənc şəhərində təşkil edilib. Burada Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib.
Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev diqqətə çatdırıb ki, bu yaxınlarda vilayətdə təşkil olunan “Rəqsin sehri” Beynəlxalq Rəqs Festivalında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Qran-pri mükafatına layiq görülməsi Azərbaycanın zəngin rəqs sənətindən xəbər verir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktor müavini Polad Zeynalov milli rəqslərimizin xalqımızın zəngin mənəvi sərvəti olduğunu deyib, qurumun nəzdində rəqs dərnəyinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
AMM-in nəzdindəki rəqs dərnəyinin və “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva milli rəqslərimiz haqqında danışıb.
Sonra ansamblın ifasında “Azərbaycan süitası”, “Uzundərə”, “Nəlbəki”, “Mirzəyi” və s. rəqslərimiz ifa olunub.
Bununla da Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri başa çatıb.
Xatırladaq ki, mədəniyyət günləri AMM-in, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkəti və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilib.