Noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi keçirildi.

Festivalın direktoru Fehruz Şamıyev bildirdi ki, üç gün ərzində Nizami Kino Mərkəzində müxtəlif ölkələrin rejissorlarının ekran əsərləri nümayiş etdirildi. Vurğulandı ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır. Festivala bu il 79 ölkədən filmlər təqdim edilib. Müsabiqə bölmələrində 21 ölkədən 48 film (beynəlxalq müsabiqədə 29, yerli müsabiqədə 19 film) yarışıb.

Sonra festivalın “Qızıl nar” mükafatının qalibləri elan olundu. Qaliblərə mükafat və diplomlar təqdim edildi.

“Tamaşaçı rəğbəti” diplomunu “Ahıllar” bədii filmi (rejissorlar Ramin Fərzani və Parisa Sədai Azər, İran) və “Nanuli və Qogi” filmi (Mariam Aqladze, Gürcüstan) qazandı.

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları “Akif” bədii filminə (rejissor Harun Baysan, Türkiyə), “Parivaş” animasiya filmi (Əminə Monşizadə, İran) verildi.

“Münsiflər heyətinin diplomu”nu – “Əsl bahadır” sənədli filmi (rejissor Yelena Poroşina, Rusiya-Estoniya), “Bu gün yox” animasiya filmi (Marin Ceykob, Belçika), “Son seçim” bədii filmi (Amil Məmiyev, Azərbaycan) əldə etdi.

“Münsiflər heyətinin xüsusi mükafatı” – “Sonuncu müştəri” bədii filmi (rejissor Anna Urbançik, Polşa) ilə “Təxəyyül” bədii filminə (Gespəğ Qrani, Belçika) verildi.

“Ən yaxşı animasiya filmi” və “Ən yaxşı animasiya rejissoru” mükafatlarını “Qız” filmi və rejissor Daria Kaşçiva (Çexiya) qazandı.

“Ən yaxşı sənədli film” (“Andın o tərəfi” – Henrik Dalbrinq, İsveç), “Ən yaxşı sənədli film rejissoru” (Hillel Reyt, “Atamın oğlu” filmi, İsrail) və “Ən yaxşı bədii film rejissoru” (İvan Qriqolyunas, “Klava Qraçyovanın üç günü”, Rusiya), “Ən yaxşı bədii film” (“Qardaşlıq”, rejissor Məryam Cubor, Kanada) nominasiyalarında mükafatlar da təqdim edildi.

Yerli müsabiqə üzrə qaliblər ekran əsərləri sırasında “Bərə” bədii filmi (rejissor Kürçaylı Məmmədov), “Skat” bədii filmi (Səddam Mehdiyev), “İki ağac” animasiya filmi (Ruslan İbrahimli) yer almışdı. “Ən yaxşı ssenari” (Türkan Zamanova, “Dan yeli” filminin ssenari müəllifi), “Ən yaxşı sosial çarx” (“Qız oxusun”, rejissor Günel Qədirova), “Ən yaxşı sənədli film” (“Küy simfoniyası”, Vüsal Hacıyev) və “Ən yaxşı bədii film” (“Soraq”, rejissor Pərviz Həsənov) mükafatları da sahibini tapdı.

Lalə AZƏRİ