Noyabrın 22-dən 30-dək paytaxt teatrlarında Cəfər Cabbarlı həftəsi olacaq

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi silsilə tədbirlər, incəsənət layihələri ilə qeyd edilir. Bu vəsilə ilə ölkə teatrları da Cabbarlı dramaturgiyasına təkrar müraciət edir.

Noyabrın 22-dən 30-dək paytaxt teatrlarında Cəfər Cabbarlı həftəsi olacaq. Bu günlərdə bir neçə şəhərimizin teatrları da yubilyar dramaturqun əsərlərinə müraciətləri ilə bizi sevindirəcəklər.

Cəfər Cabbarlı həftəsində ilk olaraq noyabrın 22-də Şuşa Dövlət Musiqili Dram Teatrı Bakıdakı binasında “Solğun çiçəklər” tamaşasını təqdim edəcək. Əslində, bu əsər Şuşa teatrı indiki binasına yığışmamışdan öncə də kollektivin repertuarında olub. İndisə yaradıcı heyət daimi repertuarla çıxış etməyə başladığı yeni səhnədə “Solğun çiçəklər”ə təkrar qayıdıb. Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə Əliyeva və Zahid Mehdiyev ifa edirlər.

23-24 noyabr tarixində daha bir premyera var. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı bu mövsümün növbəti tamaşasını təqdim edəcək. Kollektiv Cəfər Cabbarlının 1922-ci ildə qələmə aldığı “Aydın” pyesinə müraciət edib. Bütün dövrlərdə və cəmiyyətlərdə sevginin sərvətlə sınanmasının bu pyesdəki kimi təsviri bəlkə də nadir haldır. Onu da deyək ki, Rus Dram Teatrında “Aydın” indiyədək iki dəfə – 1957 və 1980-ci illərdə səhnəyə qoyulub və uzun illər repertuarda qalıb. Bu dəfə isə dramaturqun yubileyi münasibətilə hazırlanan tamaşa “Sevgiyə görə bağışla” (“Prosti za lyubov”) adı ilə təqdim ediləcək.

Tamaşaya Xalq artisti İranə Tağızadə quruluş  verib. Səhnə tərtibatı ilə Sankt-Peterburqdan dəvət olunmuş Tatyana Melnikova, plastik həlli və xoreoqrafik həlli ilə Xalq artisti Aleksandra Nikuşina məşğul olub, Əməkdar mədəniyyət işçisi Vladimir Neverov isə musiqi tərtibatını verib. Əsas rollarda teatrın gənc aktyorları Murad Məmmədov (Aydın), Murad İsmayılov (Dövlət bəy), Həcər Ağayeva və Natəvan Hacıyeva (Gültəkin), Yeganə Hüseynli (Dövlət bəyin arvadı) çıxış edəcək.

Cabbarlı yaradıcılığında az müraciət edilən əsərlərdən biri “Dönüş” pyesidir.

Gəncə Dövlət Dram Teatrında səhnələşdirilən əsər noyabrın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında göstəriləcək. Uzun illərdən bəri səhnəyə həsrət qalmış pyes teatr-cəmiyyət, teatr-siyasət, səhnə-kulis münasibətlərinə həsr olunub. Quruluşçu rejissor İradə Gözəlova tamaşanı “Əsrlərin toqquşması” adlandırıb. Rejissor bizimlə söhbətində bildirdi ki, bu gün “Dönüş”ü Cəfər Cabbarlının yazdığı kimi tamaşa qoymaq düzgün olmazdı. Ən azından ona görə ki, müəllif bu pyesində bu gün aktual olmayan teatr və dövlət problemlərinə də toxunub: “Biz isə teatrın öz daxilindəki problemləri qabartmışıq. Bilirsiniz ki, “Dönüş”də əsas konfliktlərdən biri də teatrda nəsillərarası münaqişədir. Gənc və yaşlı aktyorlar, rejissorla direktor arasındakı gərgin münasibət bizim tamaşamızda ön plandadır”.

Rolları əməkdar artistlər Ramiz Vəliyev (Xosməmməd) və İlham Hüseynov (Qüdrət Arslan), aktyorlar Kəmalə Məmmədova (Gülsabah), Samir Abbasov (Əmrulla), Günay Cabbarova (Turac), Murad Rüzigar (Bayram), Ruslan Hüseynov (Zaman) və başqaları oynayır. Tamaşanın quruluşçu-rəssamı Mirzə Mehdidir. 

26, 27, 28 noyabr tarixlərində də paytaxt səhnələri qonaq teatrların ixtiyarında olacaq. Sumqayıt, Lənkəran və Şəki teatrları növbə ilə Cabbarlı dramaturgiyasından seçmələr ilə çıxış edəcəklər.

Noyabrın 26-da sumqayıtlıların günüdür. Həmin axşam  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Solğun çiçəklər” tamaşası göstəriləcək. Tamaşaya daha çox televiziya və kino rejissoru kimi tanınan Elşən Zeynallı quruluş verib. Tamaşanın quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynli, musiqi tərtibatçısı İradə Muradovadır. Yığcam heyətli tamaşada  əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Şəhla Məmmədova,  İlahə Səfərova, İlqar İbrahimov və Dağlar Rüstəmov çıxış edirlər.

Ertəsi gün Lənkəran Dövlət Dram Teatrı “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşasını Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim edəcək. Tamaşa bu mövsümün premyeralarından olsa da, artıq kollektiv onu ətraf rayonlarda oynayıb, Cəfər Cabbarlı həftəsindəki təqdimat isə tamaşanın Bakı premyerası sayıla bilər.

Əsərə Xalq artisti  Firudin Məhərrəmov quruluş verib, quruluşçu rəssamı Ramazan Ağayev, musiqi tərtibatçısı Eldar Salayevdir.

Tamaşada Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlar Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) çıxış edirlər.

Lənkəranlılardan sonra çıxış növbəsi Şəki Dövlət Dram Teatrına yetişir. Noyabrın 28-də yenə Akademik Rus Dram Teatrının səhnəsində “Sevil” tamaşası oynanılacaq. Əsərə quruluş verən gənc rejissor Orxan Həmidlinin bildirdiyinə görə, budəfəki “Sevil” pyesin səhnədən tamaşa salonuna “ailənizin qədrini bilin, ey cavanlar” tipli ismarışıdır. Təcrübəsiz, savadsız Sevil ilə yad dəyərlərin təmsilçisi Dilbərin maraqlarının toqquşması, Sevilin sonradan savadlanaraq, hətta kitab müəllifi səviyyəsinədək yüksəldikdən sonra da davam edir. Maraqlıdır ki, Sevil obrazı 18 yaşlı aktrisa Zümrüd Əliyevanın debütüdür. Digər rollarda əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov və Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Lalə Məmməd, Arzu Mustafayeva, Fərahim Fətəliyev, Nazilə İmamhüseynova və Aysun Mustafazadə çıxış edirlər. Tamaşanın səhnə tərtibatçısı və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdidir.

Noyabrın 29-da Cəfər Cabbarlı dramaturgiyası pərəstişkarlarını çoxdan bəri Azərbaycan səhnəsində görünməyən “Oqtay Eloğlu” ilə görüş gözləyir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşunda təqdim ediləcək səhnə əsəri rejissor yozumu baxımından xeyli yenilik vəd edir. Xalq artisti Vaqif Əsədovun hazırladığı tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Şamxal Novruzludur.

Tamaşada xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı və başqaları məşğuldurlar.

Cəfər Cabbarlı həftəsinin yekun tamaşası olaraq noyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanan “Yaşar” tamaşasının premyerası nəzərdə tutulub. “Yaşar” da uzun illərdir ki, səhnədə görünmür. Pyesin üst qatında ötən əsrin 20-30-cu illər üçün xarakterik olan hadisələri, elmdə varislik məsələsini əsərin XXI əsrdəki səhnə quruluşunun necə göstərəcəyi maraqlıdır. Əsərə teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətov quruluş verib...

Gülcahan MİRMƏMMƏD