Ölkəmizin turizm təbliğat videoçarxı Qran-pri qazanıb
Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CİFFT) tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatına (Qran-pri) layiq görülüb.
140 ölkənin qatıldığı müsabiqənin nəticələri noyabrın 12-də Avstriyanın paytaxtı Vyanada təşkil olunan mərasimdə açıqlanıb.
“Biz çox şadıq ki, Azərbaycanın turizm təbliğat videoçarxı ölkəmizin turizm potensialı haqqında dolğun təsəvvür yarada bilir və hər kəsi Azərbaycana gəlməyə, ölkə turizminin malik olduğu zənginliklərə bir daha baxmağa həvəsləndirir”, - deyə tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Xatırladaq ki, “Azerbaijan: Take Another Look” (“Azərbaycan: bir daha bax”) şüarı əsasında hazırlanan turizm tanıtım videoçarxı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CİFFT) tərəfindən keçirilən “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edirdi.
Dövlət Turizm Agentliyi turizm potensialımızın təbliğatında mühüm rol oynayan videçarxın səsverməsində aktiv iştirak edən hər kəsə təşəkkürünü bildirib.