Rusiya öz ərazisində çəkilişlər aparan xarici kino şirkətlərinə çəkdikləri xərclərə görə subsidiya ayıracaq. Rusiya Federasiyasının Baş Naziri Dmitri Medvedev bununla bağlı qərar imzalayıb.
Qərarda bildirilir ki, ölkə ərazisində audiovizual məhsulların istehsalı üzrə işləri yerinə yetirən xarici təşkilatlara federal büdcədən vəsait ayrılacaq. Xarici kino şirkətləri Rusiyada kino çəkilişlərinə çəkdikləri xərcin 30-40 faizi həcmində təzminat (ribeyt – endirim) alacaqlar.
Lakin bu subsidiya o halda ayrılacaq ki, həmin şirkətlər Rusiya iqtisadiyyatına mənfəət gətirsinlər. Məsələn, tammetrajlı bədii filmin çəkilişlərində iştirak edənlərin 80 faizi yerli sakinlər olmalı və çəkilən xərclərin məbləği ən azı 75 milyon rubl təşkil etməlidir. RF ərazisində çəkiliş müddəti isə minimum 19 gün olmalıdır. Animasiya filmlərinin istehsalçıları üçün çəkiliş xərcləri 5 milyon rubl məbləğində nəzərdə tutulub. Bədii serial çəkən şirkətlərin subsidiya alması üçün Rusiya ərazisində ən azı 15 milyon rubl xərcləməsi lazımdır.
SƏBİNƏ