Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı keçirildi
Noyabrın 18-də görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.
Mərasimdən öncə rəsmilər, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Cəlil Məmmədquluzadənin və onun həyat yoldaşı Həmidə xanım Cavanşirin məzarını ziyarət etdilər. Yazıçının nəticəsi – ulu nənəsinin soyadını daşıyan Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri də mərasimdə iştirak edirdi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının həyat və yaradıcılığı haqqında danışdı: “Cəlil Məmmədquluzadə dahi ədibdir. Hesab edirəm ki, bəşər tarixində “Ölülər” kimi bir mövzuda əsər yaranmayıb. Bu cür psixoloji bir mövzu, bunun kəşf edilməsi, doğrudan da, Cəlil Məmmədquluzadənin nə qədər böyük yazıçı olduğunu göstərir”.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dedi ki, ədibin 150 illik yubileyi Prezident İlham Əliyevin sərəncamına əsasən geniş şəkildə qeyd olunur: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir”.
Sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər, məzarın önünə tər çiçək dəstələri düzüldü. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu.
Daha sonra Cəlil Məmməquluzadənin Bakı şəhəri Süleyman Tağızadə küçəsi 56 ünvanında yerləşən ev-muzeyinin açılışı gerçəkləşdi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov çıxış edərək qonaqları salamladı.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında Cəlil Məmməquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm rolundan bəhs etdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük ədibin 150 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur: “Bu gün biz Cəlil Məmmədquluzadənin yeni təmirdən çıxmış ev-muzeyinin açılışına yığışmışıq. Muzeyin təmiri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilib. Təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb”.
Xalq yazıçısı Anar vurğuladı ki, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı: “Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazırdı ki, evimiz qızanda Mirzə Cəlil dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun övladlarını isitməyib, bu gün bizi də isidir”.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 68 ildən sonra ədibin nəslinin davamçılarının ilk dəfə baba yurdlarına – Azərbaycana gəldiklərini bildirdi:
“Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Onun nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evi ilə tanış olacaqlar. Cəlil Məmmədquluzadə ən böyük əsərlərini bu evdə yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun mühüm xidmətləri olub. Sovet rejimi yazıçını İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi “Molla Nəsrəddin” mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli ədibləri onunla görüşmək üçün bu məkana gəliblər”. Qeyd edək ki, 1941-ci ildə sovet hərbi kontingenti İrana daxil olanda Cəlil Məmmədquluzadənin oğlu Ənvər ordunun tərkibində həkim qismində İrana gedib. Daha sonra o, SSRİ-yə qayıtmayıb və İrandan Polşaya mühacirət edib.
Daha sonra çıxış edən yazıçının nəticəsi Martin Cavanşiri ulu babasının xatirəsinə, irsinə göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları muzeylə yaxından tanış oldular.
Xatırladaq ki, C.Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı bu mənzil Azərbaycan hökumətinin 1978-ci ildə verdiyi qərarla ev-muzey kimi təşkil edilib. Muzeyin yerləşdiyi bina XIX əsrin axırı – XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Muzeyin yeni ekspozisiyasının açılışı 1994-cü il dekabrın 28-də - ədibin 125 illiyində gerçəkləşib.
Sahəsi 185 kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5000-dən çox eksponat toplanıb.
Nurəddin MƏMMƏDLİ