Nəsiminin 650 illiyinə həsr olunan müsabiqəyə yekun vurulub

“Nəsimi ili” çərçivəsində daha bir müsabiqə başa çatıb. Noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzetinin layihəsi əsasında gerçəkləşən “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbir çərçivəsində “Kaspi nəşrləri” seriyasından iki kitabın – redaktoru filologiya elmləri doktoru Sona Vəliyeva olan “Əbədiyyət günəşi” və müəllifi Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev olan “Nəsimi dünyası rənglərin işığında” adlı kitabların təqdimatı da keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinin geniş şəkildə qeyd edildiyini deyən Ə.Amaşov bildirib ki,

Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarındandır. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq yubiley münasibətilə ölkəmizdə və xaricdə çoxsaylı tədbirlər keçirilir, Moskvada, Kiyevdə Nəsiminin abidəsi ucaldılıb. Həmçinin şairin xatirəsinə həsr edilən müxtəlif müsabiqələr təşkil olunub.

“Kaspi nəşrləri” seriyasının rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva vurğulayıb ki, Nəsimi ideyaları ilə yaşamaq dünyanı vahid vətən kimi qəbul eləmək, göy üzünü böyük bir çətir sanmaq, yer üzünü hüdudsuz bir meydan hesab etmək deməkdir.

Diqqətə çatdırılıb ki, artıq ikinci ildir ölkəmizdə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçirilir, bu il şairin yubileyi münasibətilə müxtəlif müsabiqələr təşkil edilib. “Kaspi” Təhsil Şirkəti və “Kaspi” qəzetinin dəstək və təşəbbüsü ilə reallaşan “Əbədiyyət günəşi” müsabiqəsinin əhəmiyyətinə toxunan Sona Vəliyeva layihədə iştirak edən hər kəsə təşəkkür edib, qaliblərə uğurlar arzulayıb.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.