Həqiqətən də, nə yaşayıb, hansı hissləri keçirib, nələri ifadə etdirdiklərimizi bir tək Allah bilər deyib yaşayırıq. İnsan olaraq yaranandan, əslində, “mən içrə bir mən” fəlsəfəsinin şərhinə şahidlik edirik. Hərəmiz öz içimizdə tənhalığa çəkilib gah ağlayır, gah gülür, nəhayətində özümüz oluruq...

Düşünürəm ki, bəhsini edəcəyimiz adam da bu mətləbləri fikir süzgəcindən dəfələrlə keçirib. Yəqin qınaq-tənələr, peşmanlıqlar da yaşayıb. Amma nə bəd rüzgarlarda, nə meyxoş ilğımlarda özündən, içindəki adamdan o yana keçə bilməyib. Nə deyim ki, xoş halına...

Bu həsəd dolu emosional münasibəti bir payız axşamında “ART center Şərifzadə” sərgi salonunda Əməkdar rəssam (həm də Yuğ teatrının baş rəssamı) Rəşid Şerifin (Rəşid Həsənov) rənglərinə bələnən hər kəs hiss edirdi. Bu insanlar minlərlə karikatura, elə bir o sayda da fərqli janr və üslublu əsərlər müəllifi ustanın, adam sərrafı, ürək nəqqaşının ətrafına yığılmışdı.

Müəllif “Xaliq bilər” adını verdiyi sərgisinə xəlq edənə bəlli mətləblərin rənglər yozumunu gətirmişdi. Elə də çox yox, cəmi 66 əsər. Aralarında fərqli üslub və mövzuların cəmləşdiyi bu tablolar içərisindən gah taxta pəncərədən boylanan məsum uşaq “Fikus” (Rəşid), gah etirazçı, bitkin və bir az da susqun “Vaqif” (qardaşım Vaqif) boylanırdı. Rəsmdən-rəsmə keçdikcə “Yuğlama”, “Bizim məhlə”, “Qavaldaş”, “Yolçu”, “Ana”, “Mələk”, “Həvva”, “Kəpənək yuxusu”, “Solmaz”, “Ailə”, “Öpüş”, “Xaliq bilər”, “Rindü şeyda” görürdün.

Dünyanı sevən hər varlığın təsviri vardı o rəsmlərdə. Köhnə məhəllələrdəki xoşbəxt uşaqlar, uğuldayan dənizlər, ayaqlar altına sərilən xəzəllər, üzlərini özlərindən də gizlədən balaca-böyük adamlar, həsrətli sevgililər, həqiqətini püskürən azadələr, özünə məhkum məhbuslar, qanadı qırıq quşlar, qənbər döşəmələrə yadırğayan ayaqlar... Bir də xoşbəxt ailələrin təsvirləri, işıldayan gülüşləri, cingildəyən sədaları (“Qış nağılı”, “Ailə”, “Üçlük”) görünürdü. Tənha adamın arzusu kimi dopdolu təsvirlər vardı arabir ağlı-qaralı, daha çox da rəngli təsvirlərin arasında.

Tamaşaçılar təsvirdən-təsvirə bir də sevimli, sirli, sehrli və heç zaman solmayacaq təravətli qadını (“Nü”, “Nurlu güzgü”, “Solmaz”) görürdü. Daha doğrusu, müəllifin hər vəchlə təsvirindən, bir növ, öz gözündən də saqındığı qadını axtarırdılar. Heyranlıqdan yaranan təsvirlərə heyrətlə baxırdılar.

Dəstə-dəstə adamlar onun əsərləri qarşısında dayandıqca o da boylanır, sanki yeni, daha qocaman bir tablonun ilk təsvirlərini düşünürdü. Arada ağ saqqalını tumarlayıb məmnunluqla gülümsəyir, bəzən də qərib bir narahatlıqla izləyicilərin önündən etinasız ötüb keçdikləri təsvirlərinə baxırdı. 

Bir çox rəssamlar kimi onun da danışmaqla arası yoxdur. Sadəcə özünəməxsus təsvirləri var: “Rəssam hər hansı işə başlayanda onun nə zaman və nə ilə bitəcəyini bilmir. Bilsə, rəssam olmaz. Bilirsiniz, bu bir yaranış, doğulmadır. Onu gizlədikcə, gecikdirdikcə daha tez doğulmaq, görünmək istəyir. Bu sərgidəkilər də daha çox o işlərdi. Təbii ki, göstərmək istəmədiyim, emalatxanamın gizlinlərində qoruduğum əsərlərim də var. Bilmirəm niyə, amma onları başqaları görsün istəmirəm. Yəqin bu da mənim qəribəliyimdir. Amma nə edim ki, mən də belə adamam. Əslində minlərlə işim var və onların hər birini eyni duyğu ilə çəkmişəm. Əmin olun ki, hər birində də hissimin təsvirini yaratmışam. Qoy onlar sizin, gizlindəkilərim də mənim olsun”.

Satışın olmadığı sərgiyə nəzər salan rəssam “Uşaqlığımın, hətta onun da o üzünün yaddaşından boylanan rəsmlərimi seçdim. Təbii ki, bunlar da yalnız bir qismidir. Nəsib olsa, bundan da böyük sərgilər edərik. Təki tamaşa edib, duyğularımızı səmimiyyətlə qarşılayan sənətsevərlər olsun. Ən əsası da azad, sərbəst, sərhədsiz düşünən və görməyi bacaran rəsm biliciləri. Baxın, buradakı bir sıra əsərlərimin çərçivəsi yoxdur. Amma işimiz elədir ki, onlar çərçivələnməlidir. Bu həm maddi, həm də yaradıcılıqla bağlı məqamlardan qaynaqlanır.

Azad yaradıcı ruhun azad təsvirini elə qoy azadə də izləsinlər. Ürəyimdən gələnləri təsvir edib, ürəklə sizə göstərirəm. Yəqin elə sizlər də ürəklə izləyib dəyər verirsiniz. Bu mürəkkəb, insan münasibətlərinin çalxalandığı məqamlarda sənət danışıb-dinlənilirsə, nə xoş”...

Qısa söhbətində yaratdığı nümunələrinə verdiyi formalardan da danışdı. Maraqlıdır ki, bütün təəssüratlarının başında “Əsərlərim xüsusi bir janrda deyil. Sadəcə ürəyimə gələnləri təsvir etmişəm. Ümumən rəssam gərək sərbəst olsun. Ancaq bir üslubda ilişib qalmasın. Məsələ onun forma həllində yox, təsvir dilindədir. Bir sıra əsərlərim var ki, onu özümdən başqa heç kim başa düşmür. Bəzi rəssamlar bunu qəsdən etsələr də, məndə istəmədən belə alınıb. Özümə aydın olmayan duyğuların təsviri də bax belə susqun çəkilib”.

Rəssamla əsərlər arasında gəzişdikcə “Hər rəssam öz şedevrini yaratmağa can atır, yəqin elə siz də” fikrimə “Hər şeyin mükəmməlinə qaçmaq istəyən insanlara inaddır” deyib gülümsündü. Ardınca da “Rəssamı anlamasalar da olar, əsas odur ki, özlərini anlayıb, hisslərinə azadlıq versinlər” deyərək gülümsündü...

HƏMİDƏ