Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyi İntibah dövrünün görkəmli rəssamı Sandro Bottiçellinin “Madonna della Locia” tablosunu 3 milyon avro məbləğində sığorta etdirib.

İtaliyanın Florensiya şəhərində yerləşən Uffitsi qalereyası kolleksiyasından nümayiş üçün Rusiyaya gətirilən məşhur tablonun sığorta müddəti 2020-ci il martın 16-da başa çatır və onun təqdim edilməsində bütün risklər nəzərə alınıb.

Sözügedən tablo Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda, həmçinin bu günlərdə gerçəkləşən Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda nümayiş etdirilib. Əsər Ermitajda 2020-ci il fevralın 16-dək nümayiş olunacaq.

“Madonna della Locia” Bottiçellinin ilk (1467-ci il) əsərlərindən biridir. Rəssam onu yağlı boya ilə taxta üzərində işləyib. Tabloda Madonna körpəsi ilə lojada təsvir edilib.

CAVİD