Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində noyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “İslam sivilizasiyalarının mədəniyyəti və irsi” adlı sərgi açılıb.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev son illər ölkəmizin bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib, bu il də önəmli layihələrə imza atıldığını diqqətə çatdırıb.

Sərginin əhəmiyyətini yüksək qiymətləndirən nazir vurğulayıb ki, burada Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Misir və digər islam ölkələrinin irsinə həsr olunmuş əsərlər, fotolar nümayiş olunur.

İSESCO-nun keçmiş baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edərək Azərbaycanın islam aləmində önəmli mövqeyindən danışıb. Qeyd edib ki, Azərbaycan 1991-ci ildən İSESCO-nun üzvü kimi təşkilatla çox sıx əlaqələrə malikdir: “Bu sərgi bir daha Azərbaycanın dünya mədəniyyətinə, xüsusilə də İslam mədəniyyətinə verdiyi önəmi bir daha təsdiq edir. Sərginin təşkilinə görə Azərbaycan hökumətinə öz minnətdarlığımı bildirirəm”.

Sərgidə müxtəlif ölkələrdəki İslam memarlıq nümunələrinin fotoşəkilləri təqdim olunur. Fotoların müəllifi Etibar Cəfərovdur. Sərgidə Azərbaycan Milli İncəsənət, Milli Xalça və Musiqi Mədəniyyəti Dövlət muzeylərinin kolleksiyalarından eksponatlar da nümayiş etdirilir. Ekspozisiyada müxtəlif xəttatlıq üslubları ilə bəzədilən kitab və əlyazmalar, miniatür əsərləri, memarlıqda divar bəzəkləri, xalça, parça və tikmələrdə istifadə edilən yazılar, bədii metal üzərindəki işləmələr yer alıb.