Sumqayıt Dövlət Dram Teatrında təntənəli mərasim keçirilib

Noyabrın 22-də Sumqayıt şəhərinin 70 yaşı tamam olur. 1949-cu ilin bu günündə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib. Ötən illərdə Sumqayıt böyük inkişaf yolu keçərək iri sənaye şəhərinə, eyni zamanda ölkəmizin mühüm mədəniyyət mərkəzinə çevrilib.

Sumqayıt şəhərinin 70 illiyi münasibətilə noyabrın 21-də təntənəli mərasim keçirilib. Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı tədbirdə nitq söyləyib.

Prezident əlamətdar yubiley münasibətilə bütün sumqayıtlıları, eyni zamanda, bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək bildirib ki, bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir.

Şəhərin inkişafının mühüm mərhələsinin ulu öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrünə təsadüf etdiyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, həmin dövrdə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etdi. Lakin 80-ci illərin sonlarında, bütün respublikada olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlandı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin xilası oldu. Ölkəmiz yeni inkişaf yoluna qədəm qoydu.

Prezident daha sonra deyib: “Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır. Ulu öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur. Mən də bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim 15 il ərzində sayca 24-cü səfərdir. Yəni, bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir.

Əlbəttə ki, Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb. İlk növbədə, infrastruktur müasirləşdirilməli idi”.

Dövlət başçısı diqqətə çatdırıb ki, 2005-ci ildə şəhərdə elektrik stansiyası istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. İçməli su problemi həllini tapıb. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur. Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı tapşırıq verilib. Bakı-Sumqayıt qatarı fəaliyyət göstərir. Şəhərin kommunal təsərrüfatı yenilənir. “ASAN Xidmət” mərkəzi yaradılıb Göstəriş verilib ki, ikinci “ASAN Xidmət” yaradılsın. Sosial infrastruktur yenilənir, o cümlədən məcburi köçkünlər üçün yeni evlər tikilir.

Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manata yaxın məhsul istehsal olunur.

Prezident qeyd edib ki, son illər Sumqayıtda mədəniyyət və istirahət infrastrukturu da yenilənib. Parklar abadlaşır, yeni parklar salınır. Sumqayıt bulvarı xüsusilə qeyd edilməlidir. 5,2 kilometr uzunluğunda və 150 hektarı əhatə edən gözəl bulvar salınıb: “Çox şadam ki, bu gün Sumqayıt bulvarı vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonasıdır. Orada ictimai obyektlər var, indi orada Muğam Mərkəzi yaradılıb, digər ictimai obyektlər şəhərə yeni gözəllik verir. Yəni, bütün sahələr üzrə inkişaf gedir”.

Qeyd olunub ki, Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmir olunan binası da bu inkişafın təzahürüdür: “Bu Dram Teatrında Ulu öndər Sumqayıtın yubileyini qeyd etmişdir. Yəni, bu teatrın böyük tarixi vardır. Bu gün burada bizim görüşməyimiz həm rəmzi xarakter daşıyır, həm də təbiidir”.

Dövlət başçısı çıxışının sonunda deyib: “Ulu öndər Sumqayıtı gözəl, müasir, havası təmiz, insanlar üçün rahat şəhər kimi görmək istəyirdi. O, siyasi vəsiyyətində demişdi, bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcəkdir. Şadam ki, belə də oldu. Əziz dostlar, bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, yeni uğurlar, qələbələr arzulayıram”.

***

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər.

Dövlət başçısı sonda mərasim iştirakçıları ilə səmimi söhbət edib.

***

Prezident İlham Əliyevin noyabrın 21-də Sumqayıta səfəri zamanı bir sıra mədəniyyət ocaqlarının açılışı olub.

“Nizami” kinoteatrının yeni binasının açılışı keçirilib. “Nizami” kinoteatrı SOCAR “Azərikimya” İstehsalat Birliyi tərəfindən şəhərin mərkəzində istifadəyə tam yararsız vəziyyətə düşən eyniadlı kinoteatrın yerində qısa bir zamanda inşa olunub.

Prezident Sumqayıtda Muğam Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Sumqayıtdakı Dənizkənarı bulvar kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə də tanış olub.